Tacikistan prezidenti İlham Əliyevə zəng edib
12.07.2021
İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar.
Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.
Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.
Tacikistan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidentini onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.
Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.