Avropa dövlətlərinin Baş prokurorlarının görüşü
12.07.2021
2021-ci ilin iyul ayının 6-9 tarixlərində Avropa Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və Rusiya Federasiyası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə "İnsan Hüquqlarına dair Avropa Konvensiyası çərçivəsində fərdi hüquqların və ictimai maraqların müdafiəsində prokurorların rolu” mövzusunda Avropa dövlətlərinin Baş Prokurorlarının görüşü Sankt Peterburqda, Rusiya Federasiyası prezidentinin iqamətgahında (Konstantinovski Sarayında) keçirilib.
Yüksək səviyyədə təşkil olunmuş bu tədbirin təntənəli açılış mərasimi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin video konfrans vasitəsilə çıxışı ilə başlayıb, sonradan Rusiyanın Baş Prokuroru İqor Krasnov, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti (Cənubi Koreyanın Baş Prokuroru) Cheol-Kyu Hvanq, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoru Kristos Qiakumopulos, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qaraqurbanlı, Avropa Prokurorlarının Məşvərətçi Şurasının prezidenti Antonio Noquera və Venesiya Komissiyasının Vitse-prezidenti Bazy-Malaurie açılış nitqləri ilə çıxış ediblər.