Deputatlar gələn həftə tətilə çıxır
09.07.2021
Milli Məclisin deputatları gələn həftədən tətilə çıxacaqlar.
DM-in xəbərinə görə, Azərbaycan parlamentinin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.