Azərbaycanlı “Lord” uzun müddətdən sonra rinqə qayıdır
07.07.2021
Azərbaycanlı kikboksçu Ramal Aslanov iki illik fasilədən sonra rinqə qayıdır.
DM-in xəbərinə görə, "Lord” ləqəbli dünya və Avropa çempionu peşəkar rinqə qayıdışını qardaş ölkə Türkiyədə gerçəkləşdirəcək. Döyüş gecəsi Litvanın KOK (King of Kings) təşkilatının turniri çərçivəsində baş tutacaq.
Əvvəl Ramalın rəqibi Ərdəm Taha Dinçər olmalı olsa da, iyunun 31-də keçirdiyi döyüşdə qaşından ciddi zədə aldığından, onunla döyüş alınmayacaq. Daha sonra Ramala yerli idmançı Sinan Çağala ilə döyüş salınsa da, sonuncu rəqib də çəki probleminə görə mübarizədən imtina edib. Yaxın günlərdə Ramalın rəqibi müəyyənləşdiriləcək. Bu döyüş muay tay (Tailand boksu) qaydaları ilə keçiriləcək.
Qeyd edək ki, döyüş iyulun 17-də Adana şəhərindəki "Sheraton Hotel Arena”da keçiriləcək. Döyüş gecəsi Türkiyənin "Sports TV” telekanalı vasitəsilə Bakı vaxtı ilə saat 22:00-dan etibarən canlı yayımlanacaq.