Daha 16 şəxsə təkrar əlillik təyin olundu
05.07.2021
Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 28 şəxsin əyani müayinəsi aparılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 16-na əlillik təyin olunmasına dair qərar qəbul olunub.
Doqquz nəfərin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib. Bir nəfərə müalicənin davam etdirilməsi, bir nəfərə isə yenidən müayinə üçün göndəriş tərtib edilib. Digər şəxsə isə əlilliyin qiymətləndirilməsi üçün hərbi qərarın gətirilməsi tövsiyə olunub.
Şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Budəfəki müayinədə "Əlilliyi olan Qadınlar Cəmiyyəti” İB-nın sədri Məhluqə Rəhimova iştirak edib.
Bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsidir.