21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

10 avqustda doğulanlar - Əlisa Nicat

09.08.2018

Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını[1] dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1967-1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 1973-1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb.
1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib.
Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa çox sayda tərcümələri, şeirləri, esseləri, povestləri var.