İlk güclü ulduz partlayışı olub
08.08.2018
Astronomlar uzaq ulduzlarda Günəş sisteminə aid olmayan ilk güclü partlayış müşahidə ediblər. Alimlər "Günəş alışması” adlanan analoji partlayışın təsirini uzun müddətdir öyrənirlər.
Ulduzlardan gələn bu güclü işıq mənbəyinin öyrənilməsi isə başqa ulduz sistemlərində yerləşən planetlərdə həyatın mövcud olması ilə bağlı yeni tədqiqatlara yol açacaq.
"Sciencenews.org” saytı xəbər verir ki, on il əvvəl astronomlar Yer planetindən 450 işıq ili uzaqlıqda yerləşən ulduzdan gələn zəif işığı qeydə alıblar. Partlayış nəticəsində görünən yeni parlaq ulduzun işığı Günəşdə olduğundan 10 dəfə güclü və daha əhatəlidir.
İtaliyanın Palermo Universitetinin astronomu Konstanza Argiroffi və həmkarlarının "Chandra” rəsədxanasında müşahidə etdikləri güclü işıq seli X-ray texnologiyası vasitəsilə qeydə alınıb. Bu texnologiyanın fəzaya göndərdiyi şüalar nəticəsində ulduzlardan gələn güclü işıqları qeydə almaq mümkündür.
Kembric Universitetinin astrofizika mərkəzinin professoru Julian Alvarado-Qomes astronomiya elmi üçün əlamətdar olan bu hadisəni şərh edərək bildirib ki, heç kim Günəş sistemindən kənarda olan bu böyük ulduz partlayışının Yerdə müşahidə ediləcəyinə inanmırdı. Partlayış zamanı uzaq ulduzun təxminən 1 milyard trilyon qram müxtəlif elementləri kosmosa püskürdüyü ehtimal olunur. Lakin kinetik enerjinin azlığı bu elementlərin uçuş sürətini daha zəif edir.
Alvarado-Qomes əlavə edib ki, uzaq ulduzların maqnit sahəsi Günəşdən daha güclüdür və partlayışdan sonra kosmosa yayılan maddələrin böyük bir hissəsi geri qayıdır. Onun sözlərinə görə, bu amil daha böyük partlayışların işığını müşahidə etməyə mane olur.