Təhsil nazirindən AÇIQLAMA
29.06.2021
Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından "Ali təhsil haqqında” qanun layihəsi mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.
Nazir bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətimizdə olan məsələlərdir. Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir.
Emin Əmrullayev qeyd edib ki, Azərbaycanda artıq öz 100 yaşını qeyd edən ali təhsil sistemi mövcuddur. Bu baxımdan ənənələrimiz və bizə qalan miras var. Amma həyat sürətlə inkişaf edir və yenilikləri də özü ilə gətirir: "Biz yeni qanun layihəsini ortaya qoymaqla təhsilin pillələri və səviyyələri anlayışlarından imtina etmirik. Təhsilimizdə təsnifat mütləq lazımdır”.
Təhsil naziri vurğulayıb ki, burada üç əsas məqam var. Belə ki, qanun layihəsinin böyük hissəsi ənənələrə söykənir. Tədqiqatlar, araşdırmalar, mütəxəssislərin rəyləri məsələnin ikinci tərəfidir. Bir də məsələnin emosional tərəfi var. Seçim zamanı əsas hədəf şəffaflığın təmin olunmasıdır.