Tokioda Azərbaycan idmançıları hər gün testdən keçiriləcək
25.06.2021
"Tokioya getməzdən minimum iki həftə öncə idmançılar xüsusi tətbiq vasitəsilə öz simptomlarını göstərməlidir. Onlar Bakıda iki test verməlidirlər. İki neqativ testdən sonra Tokioda PCR test də verilməlidir. Əgər bu da neqativ çıxarsa, Tokiodakı Atletlər Kəndinə getməyə icazə veriləcək”.
DM xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Anar Bağırov deyib.
O bildirib ki, Tokio Olimpiadasında Azərbaycan idmançıları hər gün testdən keçiriləcəklər:
"İdmançılar hər gün test verəcək. İki gündən bir isə PCR testi verməlidirlər. Testi pozitiv çıxanlar iki həftəlik karantinə alınacaq. Pozitiv çıxan idmançılar diskvalifikasiya edilmiş hesab olunmayacaq. Bundan sonra iki neqativ nəticəsi olan PCR testi götürüləcək. Ancaq bundan sonra belə, Yaponiyanın dövlət qurumları da bu testin nəticəsini təsdiqləməlidir. Yalnız bundan sonra onun karantindən çıxması barədə qərar veriləcək.
Orada peyvəndləşmə məsələsi məcburi deyil. Ancaq xoşbəxtlikdən bizdə təxminən Olimpiya komandamızın 80 faizi peyvəndləşmə prosesindən keçib. Bu baxımdan düşünürük ki, koronavirusla bağlı bizim problemimiz olmayacaq”.
Həmçinin o da bildirilib ki, Yerli Təşkilat Komitəsi nümayəndə heyətlərini tibbi maska və spirtlə təmin etməyəcək. Tokioda maska açıq havada məcburi olduğundan Milli Olimpiya Komitəsi özü ilə lazımi avadanlıqlar götürəcək.