Nazirdən AÇIQLAMA
23.06.2021
Mədəniyyət Nazirliyi tərəfindən "Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniyanın təqdimatı keçirilib.
DM xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ərsəyə gələn kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılmasıdır.
Bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur.
Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından rəsmilər, diplomatlar, ictimai-siyasi xadimlər, görkəmli mədəniyyət və incəsənət adamları, media nümayəndələri, elm xadimlərinin işğaldan azad edilmiş şəhərlərə dəvət edilməsi və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi nəzərdə tutulur.
Dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir.
"Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək, dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır.
"Mədəniyyət naminə sülh” qlobal kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, biznes qurumlarının qoşulması üçün açıqdır.
Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, kampaniya çərçivəsində ilk ictimai aksiya kimi Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Platforması (www.creative.az) "Sülh üçün Yarat” (#create4peace) beynəlxalq aksiyasına başlayır. Aksiya hər bir şəxs üçün açıqdır və seçilmiş iştirakçılar müxtəlif kriteriyalar üzrə mükafatlandırılacaq.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Anxel Moratinos və digər ictimaiyyət nümayəndələri iştirak edib.