Ermənistanda vətəndaş müharibəsi ola bilər?
22.06.2021
Ermənistanda növbədənkənar parlament seçkiləri baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş müqaviləsi” partiyasının qələbəsi ilə başa çatdı. 53,92% səslə inamlı qələbə qazanan "Vətəndaş müqaviləsi” partiyası yenidən hakimiyyətə gələcək.
Ermənişünas alim Qafar Çaxmaqlının bildirdiyinə görə, seçki kampaniyası ərzində Ermənistanda çox rəngli siyasi fiqurlar ortaya çıxıb:
"Əvvəl keçmiş prezidentlər seçkilərdə iştirak etmirdilər, amma bu seçkilərə qatıldılar. Hərəsinin isə bir məqsədi var idi. Əslində Ermənistanın keçmiş prezidentləri seçkilərə qalib gəlib, ölkəni yenidən dirçəltmək məqsədi ilə qatılmamışdılar. Məsələ budur ki, onların əsas məqsədi üzərlərində olan cinayət işlərinin aradan qaldırılması üçün parlamentdə bir mandatın əldə edilməsi idi.
Ermənistanda seçkilərdə səs çoxluğu Paşinyan tərəfində oldu, demək olar ki, qalib sayılır. Amma bundan sonra Ermənistanda hansı yolun izlənilməsi hələ yaranacaq hökümətdən asılıdır. Paşinyanın hansı siyasi partiyanı, fraksiyanı yanına almasından çox şey asılıdır. Şübhəsiz ki, hələ seçkilərin dövründə də həbslər oldu. Seçki zamanı bir çox qanunsuzluğun şahidi olduq”.
Q.Çaxmaqlı deyir ki, siyasi liderlərin həbsləri gözləniləndir:
"Ermənistanda Robert Koçaryan və Serj Sarkisyanın qardaşı oğlunun işləri gündəmdədir. Koçaryan 3 dəfə həbs olunmuş bir adamdır. Bu adamın üzərində çox böyük cinayətlər var. 1999-cu ildə parlamentə basqın məsələsində əli olduğu düşünülür. 2008-ci ildə prezident seçkilərindən bir gün sonra 10 nəfərin öldürülməsi ilə nəticələnən bir insident də Koçaryanın ayağına yazılıb. Bundan başqa, Paşinyan hakimiyyətini gücləndirmək üçün bəzi işələr görməlidir. Bu da ayrı-ayrı zamanlarda cinayət törətmiş şəxslərin məhkəmə qaşısında yarğılanmasıdır. Bunun nəticəsində Paşinyan tərəfindən müəyyən addımlar atılacaq. Seçkidən sonra qanunsuz hərəkətlərə yol verilərsə, həbslər ola bilər. Çünki bəzi siyasi partiyalar seçkilərin nəticələrini qəbul etmir, ona görə də bu partiyaların üzvlərinin həbsi gözlənilə bilər.
Ermənistanda hazırda vətəndaşlar meydanlardadı, seçki nəticələri təsdiqləndikdən sonra Koçaryan və Paşinyan tərəfdəşları arasında vətəndaş müharibəsi də ola bilər”.