Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16.06.2021
"Qarabağ zəfərinin dünyaya, regiona gətirəcəyi faydalarını zaman keçdikcə hamı görəcək”.
DM-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxış edərkən deyib.
"Çünki bu, qanın, işğalın, vandallığın səfəri deyil. Bu gün azərbaycanlı qardaşlarımız öz dədə-baba yurdlarına qayıtmağını istəyirik”, - deyə R.T.Ərdoğan əlavə edib.
O, azərbaycanlı məcburi köçkünlərə çağırış da edib:
"İnşallah, növbəti səfərimdə qardaşlarımızı öz dədə-baba yurdlarında görəcəyik. Mən parlament kürsüsündən onlara səslənirəm ki, öz dədə-baba yurdlarında məskunlaşsınlar, biz bunu istəyirik”.
Türkiyə lideri Zəngəzur dəhlizinin əhəmiyyətindən də danışıb, bildirib ki, yeni layihə Ermənistan üçün də xeyirlidir.
Türkiyə Prezidenti onu da bildirib ki, region dövlətlərindən yalnız Gürcüstan Zəngəzur dəhlizi ilə bağlı özünəməxsus mövqeyə sahibdir.
"Ancaq Gürcüstan baş naziri Türkiyədə səfərdə olarkən mən ona dedim ki, Zəngəzur dəhlizi Gürcüstanın da xeyrinədir. O, bu barədə düşünəcəyini dedi”, - deyə o əlavə edib.