Ərdoğan: “Biz də Qarabağın dirçəlməsinə dəstək göstərəcəyik”
16.06.2021
"Biz Azərbaycanın yanındayıq və bundan sonra da Azərbaycanın yanında olacağıq”.
DM-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxış edərkən deyib.
R.T.Ərdoğan qeyd edib ki, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir.
O bildirib ki, illərdir Türkiyə və Azərbaycan böhtanlara məruz qalıb.
"Onlar Azərbaycan haqq savaşına başlayanda qüvvələrini buna qarşı səfərbər etdilər. Buyurub gəlib, indi Qarabağa, Füzuliyə, Kəlbəcərə baxsınlar. Görsünlər ki, buralar necə dağıdılıb.
Azərbaycanlılar Ermənistanın işğalı zamanı öz dədə-baba yurdlarından çıxarkən evlərini yandırmamışdılar. Bir insan öz evini yandırmaz. Ancaq ermənilər işğal bitdikdən sonra əraziləri boşaldarkən bütün yerləri yandırdılar, məhv etdilər”, - deyə R.T.Ərdoğan əlavə edib.
Onun sözlərinə görə, indi Azərbaycan dağıdılmış yerləri bərpa edir.
"Biz də Qarabağın dirçəlməsinə dəstək göstərəcəyik. Biz Qarabağı birlikdə dirçəldəcəyik”.