İlham Əliyev: “Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq”
15.06.2021
Bu gün azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbrsizliklə gözlənilirdir və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan, gədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq. Bunun böyük əks sədası olacaq.
Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaq. Şuşa şəhəri işğaldan keçən ilin noyabrın 8-də azad edilib. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayaları görərkən başa düşür ki, alınmaz qala sayılan bu şəhəri azad etmək böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı, Azərbaycan bayrağını ucaltdı. Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir”, deyə dövlət başçısı qeyd edib.