Putin miqrantların Rusiyada müvəqqəti qalma müddətini uzatdı
15.06.2021
Rusiya Prezidenti Vladimir Putin COVID-19 pandemiyası zamanı xaricilərin hüquqlarını tənzimləmək üçün fərman imzalayıb.
Bu barədə Kremlin saytında qeyd edilir:
"Rusiya Prezidenti Putin "Yeni koronavirus infeksiyasının (COVID-19) yayılma nəticələrinin aradan qaldırılması dövründə Rusiya Federasiyasındakı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunun həlli üçün müvəqqəti tədbirlər haqqında fərman imzalayıb”.
Bildirilir ki, qərar əhalinin sanitariya və epidemioloji rifahının təmin edilməsi və xarici vətəndaşların hüquqi statusunun tənzimlənməsi məqsədi ilə verilib.
Beləliklə, bu fərmanla miqrantların Rusiyada sanksiyalar tətbiq edilmədən müvəqqəti qalma müddəti 30 sentyabr 2021-ci ilə qədər uzadılıb. Sənədin mətninə görə, Rusiya Federasiyası əcnəbiləri hər hansı bir qanun pozuntusu etmədikləri təqdirdə 30 sentyabr tarixinə qədər ölkədən çıxarmayacaq.
Bununla yanaşı, azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş əcnəbilər istisna təşkil edir. Həmçinin, bu kateqoriyaya Rusiya Federasiyasının dövlət sərhədində qanunvericiliyi pozmuş və ya milli təhlükəsizliyi təhdid edən xaricilər də daxildir.