Dövlət Komitəsində Nikolas Qovartla görüş keçirilib
10.06.2021
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovartla görüşüb.
DM xəbər verir ki, görüşdə Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaq imkanı qazanması, bunun üçün hazırlıq işlərinə başlanması barədə qonağa məlumat verilib. Prezident İlham Əliyevin bu məsələlərə xüsusi diqqət yetirdiyi, bərpa-quruculuq işlərinin gedişini şəxsən nəzarətdə saxladığı, Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez işğaldan azad edilmiş ərazilərdə olduğu bildirilib. Vurğulanıb ki, həmin ərazilərdə "ağıllı kənd”, "ağıllı şəhər” kimi ən müasir layihələr icra ediləcəkdir və bu işlər bir sıra Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının başlanması üçün ərazilərin minalardan təmizlənməsinin vacibliyi qeyd edilib, Ermənistanın müvafiq xəritələri verməməklə beynəlxalq normaları pozduğu diqqətə çatdırılıb.
Dövlət Komitəsi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Ağdamda, Tərtərdə və Füzulidə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin keçirildiyi bildirilib.
Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart səmimi görüş üçün təşəkkür edib. O, Azərbaycan hökumətinin müharibə nəticəsində ziyan dəymiş yerlərin bərpası üçün proaktiv fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda, hərbi münaqişədən əziyyət çəkmiş insanlara yardım göstərilməsi üçün Avropa İttifaqı tərəfindən vəsait ayrıldığını bildirib. Nikolas Qovart mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Avropa İttifaqına məcburi köçkünlərə dəstək məqsədi ilə keçirilən layihələrinə görə təşəkkür edilib. Dövlət Komitəsi tərəfindən növbəti layihələrin icrası üçün zəruri dəstəyin göstəriləcəyi nəzərə çatdırılıb.