21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səfər Mehdiyev virtual konfransa qatıldı

09.06.2021

 Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin virtual konfransı keçirilib.

DM xəbər verir ki, Konfransda ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə, ÜGT Baş katibinin müavini Rikardo Trevino Çapa, təşkilatın Avropa Regionunun 53 üzv dövlətinin gömrük xidmətlərinin rəhbərləri iştirak edib.

Qeyd edək ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olunduğu ÜGT-nin Avropa Regionuna Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi rəhbərlik edir. Konfransa da Dövlət Gömrük Komitəsi adından Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev sədrlik edib. 

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev konfransda region üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunacağına, beynəlxalq əməkdaşlığın güclənməsi, gömrüyün gələcək inkişafı üçün vacib qərarların qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan gömrüyünün pandemiya dövründə də bir sıra mühüm yeniliklərə imza ataraq uğurla inkişaf etdiyini vurğulayan Komitə sədri informasiya texnologiyalarına əsaslanan layihələr, beynəlxalq ticarətin inkişafı, qaçaqmalçılığa, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə atılan addımlardan danışıb. Qeyd olunub ki, cari ildə bir tondan artıq narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb ki, bu da cəmiyyətin sağlamlığının qorunmasına mühüm töhfədir.

Səfər Mehdiyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı tarixi qələbənin sülhün bərpası və qorunması, regional əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi, tranzit dəhlizlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Komitə sədri ÜGT-nin Avropa Regionu üzrə Gömrük Xidməti Rəhbərlərinin 20 noyabr 2020-ci il tarixində keçirilən konfransından sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa regionu üzrə sədr müavinliyi dövründə görülən işlər barədə iştirakçıları məlumatlandırıb və konfransda  işgüzar, səmərəli müzakirələrin aparılacağına əminliyini ifadə edib.

ÜGT-nin Baş katibi Kunio Mikuriya çıxış edərək Azərbaycan Gömrük Xidmətinin Avropa Regionuna sədrliyi dövründə faydalı fəaliyyətindən bəhs edib. Bildirib ki, gömrük üçün əsas məsələlərdən biri ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasıdır ki, pandemiya dövründə gömrük orqanları bu sahədə uğurlu fəaliyyət göstəriblər.
ÜGT-nin Baş katibi, eyni zamanda  informasiya texnologiyalarının tətbiqinə xüsusi yer verilməsinin, harmonizasiya sisteminin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb, gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini açıqlayıb.

ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionuna sədrliyi dövründə irəli sürülən faydalı təkliflər və təşəbbüslərə görə Komitə sədri Səfər Mehdiyevə təşəkkürünü bildirib, təşkilatın maliyyə imkanlarının artırılması, bu istiqamətdə atılacaq addımlarla bağlı məruzə ilə çıxış edib.

Daha sonra konfransın gündəliyindəki ÜGT üçün digər gəlir mənbələrini müəyyən etmək məqsədilə araşdırmaların başladılması imkanı, təşkilatın Strateji Proqnozlaşdırma layihəsi, Fəaliyyətin Qiymətləndirilməsi sisteminin inkişafı, idarəetmənin təkmilləşdirilməsi, seçkilər və digər məsələlərlə bağlı çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, konfrans çərçivəsində ÜGT-nin Avropa Regionuna sədrlik etdiyi dövrdə səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət  Gömrük Komitəsinin  Avropa Regionunun Şərq qrupu tərəfindən ÜGT-nin Siyasi Komissiyasına namizədliyi irəli sürüldü və Azərbaycan gömrük xidməti yekdilliklə 2021-2023-cü illər üzrə Siyasi Komissiyaya üzv seçildi.