İrana vurulacaq zərbənin tarixi AÇIQLANDI
06.08.2018
ABŞ Tehrana qarşı 2015-ci ildə nüvə müqaviləsi imzalanana qədər tətbiq edilən sanksiyalardan daha dəhşətlisini hazırlayır.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
Onun sözlərinə görə, sanksiyalar İran rəhbərliyinin fəaliyyətlərinə cavabdır. Pompeo bu sanksiyaların mənfi nəticələrinə görə bütün məsuliyyətin İran hökumətinin üzərinə düşdüyünü bildirib. O, İran xalqının ABŞ-dan yox, öz rəhbərlərindən narazı olduğunu deyib.
Qeyd edək ki, bu gün ABŞ İrana qarşı sanksiyaların bir hissəsini bərpa edəcək. Sanksiyalar avtomobil sektoru, qızıl və digər dəyərli metal ticarətinə aid olacaq. İrana qarşı sanksiyaların ikinci hissəsi 4 noyabrda qüvvəyə minəcək. Bu sanksiyalar isə energetika sektoru, Mərkəzi Bankla bağlı tranzaksiyalara aid ediləcək.
Sanksiyalar İranla iş əlaqələri olan ölkələrin şirkətlərinə də tətbiq olunacaq.