İrəvanda Ordumuz üçün tamaşa göstərirlər...
09.06.2021
Ermənistanda iki gündür startı verilən seçki təbliğatı əla başlayıb: seçki tamaşası bir-birinə qarşı iddialar, ittihamlar səbəbindən hər mənada komediyaya çevrilib və doğrusu, güman edirəm, bu, qəsdən edilir. Savaş bitib, Qalib Ordu yüksəkliklərdəki "tribunada” mövqe tutub, bu məqamda məğlub təlxəklər Qalib Ordunu əyləndirməlidir, ya yox?!
Ermənistan hazırda bu missiyanı yerinə yetirir, tamaşanın prelüdünü isə Serj Sərkisyan edib. Ötən gün deyib ki, Nikol Paşinyan oğlunu verib, heç olmasa, 20-25 əsiri Bakıdan alsın.
Nikol da əsəbiləşib, razı olduğunu bildirib və deyib ki, bütün əsirlərin müqabilində Bakıya oğlunu təklif edir. Hətta bunun emosional çıxış yox, tam rəsmi təklif olduğunda da israr edib.
Paşinyan Serjik və Robik deyə ümumiləşdirdiyi Serj Sərkisyana və Robert Köçəryana "vasitəçilik” üçün səlahiyyət verməyə hazır olduğunu da bildirib. Fikrini isə belə əsaslandırıb ki, Serjik və Robik sutenyordur, illərə dayanan qadın alveri təcrübələri var, ona görə bu missiyanı yerinə yetirə bilərlər.
Baxın komediyaya, necə də doğrunu deyirlər!
Nikol Paşinyanın sözündən belə çıxır ki, 10 noyabr bəyanatından bir ay sonra təxribat üçün ölkəmizə gələn və 13 dekabrda DTX-nin antiterror əməliyyatı nəticəsində ələ keçirilən terrorçular da, 27 mayda Ordumuzun təminat yoluna mina düzməyə çalışarkən yaxalanan diversiya-kəşfiyyat qrupunun üzvləri də sutenyorların, qadın alverçilərinin predmetidir. Yəni həm 13 dekabrda, həm də 27 mayda ələ keçirilən erməni silahlıları kişi deyillər, arvaddırlar, həm də əxlaqsız fahişədirlər.
Toba biz demirik, Paşinyanın məntiqindən belə çıxır!
Demək, Paşinyanda da bu fikir var ki, müharibədə kişi kimi döyüşməyi bacarmayıb, Azərbaycan Ordusunun qarşısından qaçan, 11 minə yaxın fərarisi olan, onu 10 noyabr kapitulyasiyasına məcbur edən, müharibə bitəndən sonra isə rus sülhməramlılarının gəlişindən istifadə edərək, onların sözün hər mənasında dalında gizlənib, Azərbaycan əsgərlərinə qarşı gizli təxribatlar törədən, mülki əhalinin ölməsi üçün yollara mina basdıran erməni terrorçuları, diversantları fahişə kimi davranırlar.
Xub, etiraz etmirik, bu, sizin təyinininzdir.
Daha bir maraqlı məsələ Nikol Paşinyanın oğlu ilə bağlıdır. Sərkisyan deyir ki, oğlunu verib, 20-25 ermənini geri alsın, Paşinyan da deyir, oğlumu bütün əsirlərə dəyişməyə hazıram!
Bu artıq komediya deyil, düşüncə tərzidir! Sərkisyan da yaxşı bilir ki, müharibənin qızğın çağında Ermənistanda qeyri-normal geyimdə, kef məclislərində görüntülənən oğul Paşinyanın ictimai-hərbi mahiyyəti şifrin altındadır və o, xüsusilə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Belə halda onu 20-25 erməni terrorçu dəyərində qiymətləndirilməsi artıq hakimiyyətin şəxsi məqsədlər üçün istifadəsidir. Yəni Serjin təfəkküründə Paşinyanın vaxtaşırı olaraq qeyri-normal həyatı ilə diqqətlərə düşən oğlunun "dəyəri” "20-25” erməniyə bərabərdir, amma Paşinyan bu rəqəmin daha yüksək olduğu düşüncəsindədir.
Əlbəttə, hər ikisi çox gözəl bilir ki, Azərbaycanda hər hansı təxribat törətməyən, Azərbaycan ərazilərində işğal aparmaq üçün savaşmayan Paşinyanın oğlu Bakıya qətiyyən lazım deyil. Azərbaycan Ordusu – mülki əhaliyə qarşı terror aktı həyata keçirən, təminat yollarına gecə ikən minalar döşəyən, azərbaycanlı əsirlərə inanılmaz işgəncələr verən terrorçu-qaniçənləri mühakimə edir. Bizim "cırıq cinsdə” və yaxası göbəyinə kimi açıq köynəkdə, əlində pivə butulkası İrəvan küçələrində gecə seyrinə çıxan gənclərlə nə işimiz var ki!
Ancaq erməni siyasi təlxəklərinin düşüncəsində 200 erməni əsgərin (Bakıda mühakimə olunanları Ermənistan "əsgər” saydığına görə deyirəm) Paşinyanın bir oğluna bərabər tutulması diqqətçəkicidir.
1 mart 2008-ci ildə öz xalqına atəş əmri verənlərdən zatən bundan artığını gözləməyə dəyməz və nə qədər ki, erməni siyasiləri seçki yarışına bu düşüncə ilə girir, bundan zövq alaq...
Demək, harda qaldı tamaşa? Sutenyor və baştutan Serjik və Robikdə. Görək onların cavabı daha komik olacaqmı...