Transxəzər Forumu keçiriləcək
08.06.2021
9-10 iyunda Xəzər Siyasət Mərkəzi (XSM) ABŞ Dövlət Departamenti, Ağ Ev, USAID, BP, həmçinin yerli və regional ekspertləri bir araya gətirərək, 5-ci İllik Transxəzər Forumuna ev sahibliyi edəcək.
Bu barədə XSM məlumat yayıb.
Forumun keçirilməsində məqsəd ABŞ və Transxəzər ölkələri arasındakı strateji tərəfdaşlıq münasibətləri ilə əlaqədar imkanları və problemləri müzakirə etməkdir.
"Bir illik gərgin beynəlxalq əlaqələrin nəticəsi kimi, Transxəzər Ticarət və Tranzit Dəhlizinin Şərqlə Qərbin qovşağındakı mövqeyi həmişə olduğu üzrə, indi də çox vacibdir”, - deyə məlumatda bildirilib.
Bildirilib ki, Transxəzər dəhlizi, Avropa Birliyi, Çin, Hindistan və Orta Şərq bazarlarını birləşdirən enerji baxımından zəngin quru yoludur.
Forumda siyasət və biznes sahələrindən olan liderlər regionun COVID-dən sonrakı bərpa yolunu müzakirə edəcəklər.
Onlar yüklərin müxtəlif coğrafi landşaftlar boyunca daşınması üçün ehtiyac duyulan sərt və yumşaq infrastrukturun inkişafına dair öhdəçiliyi, bu kimi layihələri asanlaşdırmaq üçün beynəlxalq investisiyaların cəlb olunması mövzusunda fikir mübadiləsi aparacaqlar.
Vaşinqtondakı idarəetmə dəyişiklikləri, Xəzərin Avropa Birliyinə enerji ixracatını asanlaşdıran boru xətlərinin tamamlanması və bərpa olunan enerji qaynaqlarına keçid, Transxəzər dəhlizini saysız-hesabsız yeni ticarət, iş və investisiya fürsətləri üçün açmaqdadır.
"ABŞ ilə Transxəzər dəhlizi arasındakı strateji bağlantı, ortaya çıxan perspektivləri maksimum həddə çatdırmaq və iştirakçı bütün tərəflərin inkişafı naminə daha irəli səviyyədə qlobal əlaqəni təmin etmək üçün zəruri önəm daşıyır”, - deyə qeyd olunub.
Forum Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan səfirlikləri tərəfindən müştərək təşkil olunur.
ABŞ Dövlət Departamenti və ABŞ Milli Təhlükəsizlik Şurasının iştirakı ilə, ABŞ Ticarət Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənir.