Şair Ramaldanovun AÇIQLAMASI
08.06.2021
Minalar maşınla deyil, ədədlə sayılır. Sözügedən cinayətə gəldikdə isə, erməni ordusundan bütün cinayətləri gözləmək mümkündür.
Bu sözləri hərbi ekspert Şair Ramaldanov deyib.
O qeyd edib ki, erməni polkovnikin sözlərində təəccüblü bir şey yoxdur və bəhs edilən cinayətlər erməni ordusu tərəfindən mütəmadi olaraq törədilir.
Ekspert Rusiyanın xahişi ilə ermənilərə Kəlbəcəri tərk etmələri üçün verilən əlavə vaxtda onların ölkəmizin humanist niyyətini riyakar şəkildə sui-istifadə etdiklərini bildirib:
"Rusiyanın xahişi ilə ermənilərin Kəlbəcərdən çıxması üçün əlavə 10 gün də vaxt verildi. Bu müddət ərzində biz onların meşələri qırdıqlarını, evləri yandırdıqlarını gördük. İndi isə bizə məlum olur ki, həmin vaxt başqa bir qrup da müxtəlif ərazilərə mina döşəməklə məşğul olub. Təbii ki, bu minaların əksəriyyəti döyüş bölgəsindən başqa mülki insanların istifadə etdikləri yollara, yaşayış məntəqələrinə də döşənib. Ermənistanın bu cinayət əməli həm də Rusiyanın vasitəçi kimi nüfuzuna böyük zərbədir”.
Ekspert beynəlxalq təşkilatların hətta belə bir ciddi məsələdə də ölkəmizə qarşı ədalətsiz yanaşma sərgilədiyini xüsusi vurğulayıb:
"Beynəlxalq təşkilatların erməni polkovnikin cinayət etirafına və minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməməsinə səssiz qalması çox maraqlıdır. Törədilən cinayət beynəlxalq humanitar hüququn prinsiplərinin bilərəkdən tapdanmasıdır. Burda digər önəm kəsb edən məsələ odur ki, erməni tərəfi daha çox itki verməyimiz üçün minaları hara gəldi, necə gəldi basdırıb. 4 iyunda Kəlbəcərdə öz vəzifə borcunu yerinə yetirərkən jurnalistlərimizin olduğu avtomobilin minaya düşməsi nəticəsində şəhid olması da bunun bariz sübutudur. Azərbaycan tək döyüş gedən yerlərdə deyil, eyni zamanda yaşayış məntəqələrində də minaların təmizlənməsi məsələsini daim diqqətdə saxlamalıdır”.
Qeyd edək ki, jurnalistlərimizin Kəlbəcərdə minaya düşməsindən sonra erməni polkovnik Koryun Qumaşyan Kəlbəcər və Laçında 17 maşın mina basdırdıqlarını açıqlayıb.