21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çavuşoğlunun Fransanı “dost” adlandırması... - Hulusi Kılıç

08.06.2021

Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Hulusi Kılıçın Axar.az-a müsahibəsi:

- Cənab səfir, Mövlud Çavuşoğlunun Fransa səfəri ilə eyni vaxtda məşhur "L'Opinion” qəzetində "Türkiyə və Fransa dost və müttəfiq olaraq qalacaqlar” başlıqlı məqaləsi çap olundu. Nazir məqalədə təhlükəsizliklə bağlı bir çox məsələyə, həm də erməni diasporu və Qarabağ məsələsinə toxunub. Siz erməni diasporunun Türkiyə-Fransa, Azərbaycan-Fransa münasibətlərinə təsirini necə qiymətləndirirsiniz?

- Hörmətli Mövlud Çavuşoğlunun məqalədə qeyd etdiyi bütün məqamlara eynilə qatılıram. Ermənilər tarixi gerçəkləri saxtalaşdırmaqla problemin siyasi həllini tapmağa çalışırlar. Yəni tarixçilərin görməli olduqları işi siyasətçilər görürlər. Biz isə hər kəsin öz vəzifəsini yerinə yetirməsinə tərəfdarıq, çünki başqa cür olduğu zaman vəziyyət gərgin hal alır. Hazırda Fransadakı erməni lobbisi fəaliyyəti ilə sülhə və sabitliyə zərbə vurur. Onlar Ermənistandakı ermənilərin həyat şəraitindən bixəbərdirlər. Erməni lobbi və diasporu öz fəaliyyəti ilə Cənubi Qafqazda sülhə və sabitliyə zərbə vurmaqla yanaşı, erməni xalqını da yoxsulluğa məhkum edib. Çünki bölgədə Türkiyə və Azərbaycana düşmən olan Ermənistanın inkişaf etmə şansı yoxdur. Biz bu düşmənliyin ortadan qaldırılmasını, birlikdə yaşayışı təklif edirik. Türkiyə və Fransa əlaqələrini erməni lobbisinin və diasporunun zəhərlədiyini görürük.

Məsələn, 2006-cı il oktyabrın 12-də Fransa Məclisində "erməni soyqırımı”nın inkar edilməsinə görə 5 il həbs və 45000 avro pul cəzasının verilməsini özündə əks etdirən yeni bir qanun qəbul edilmiş və təsdiq üçün Senata göndərilmişdi. Yəni belə bir şey ola bilərmi? Düşmənçiliklə, nifaq toxumu səpməklə gələcək qurmaq mümkün deyil. Buna görə Fransadan daha ağıllı hərəkət etməsini, həqiqətləri görməsini gözləyirik.

- Fransanın İkinci Qarabağ müharibəsi və ondan sonra tutduğu mövqe də beynəlxalq statusuna uyğun deyil...

- Fransanın xüsusilə 44 günlük Vətən müharibəsində sərgilədiyi mövqeni qəbul etmək qeyri-mümkündür. Fransa Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi tərəfsiz və ədalətli olmaq yerinə 44 günlük Vətən müharibəsi ərzində Ermənistanı dəstəklədi və həmsədrliyi dövründə gizli-gizli ancaq onun üçün çalışdı. Erməni diasporunun nümayəndələri özləri gəlib Ermənistandakı həyat şəraitində yaşaya bilməz. Biz də onlardan öz işləri ilə məşğul olmalarını, Cənubi Qafqazdakı ikitərəfli münasibətlərə müdaxilə etməmələrini istəyirik. Cənab nazir Çavuşoğlu bütün bu məsələləri yerində qeyd edib. Əgər bölgədə davamlı və dayanıqlı sülh bərqərar olsa, bundan Ermənistan da xeyir götürəcək. Beləliklə, Türkiyə-Fransa, Azərbaycan-Fransa münasibətləri nisbətən daha sağlam, daha möhkəm olacaq.

- Sizcə, bölgədə dayanıqlı sülhün şərtləri nələrdir?

- Biz sülh tərəfdarıyıq, sabitlik, əmin-amanlıq istəyirik. Cənab Rəcəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, əgər Ermənistan yaxşı qonşu olsa, Türkiyə və Azərbaycan onunla münasibətlər qurmağa, yanaşı yaşamağa hazırdır. Gələcəkdə bölgədə sülh və sabitliyin hökm sürməsi üçün Ermənistan və dünyadakı erməni diasporu İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan reallığı qəbul etməlidir. Bu gerçəklik odur ki, Azərbaycan öz ərazisini işğaldan qurtarıb və Qarabağ Azərbaycandır! Ermənistan keçmişlə yaşamamalıdır, gələcəyə baxmalıdır və Azərbaycanın beynəlxalq hüquqa görə tanınmış sərhədlərini tanımalıdır. Biz yaxşı qonşu istəyirik. Bütün bunlarla bərabər Ermənistan qondarma soyqırım iddialarından və Türkiyəyə qarşı ərazi iddialarından imtina etsə, biz onunla əlaqələri bərpa etməyə hazırıq.