Əlillik almaq şərtləri sərtləşdirilir
04.06.2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.
Nazirlikdən verilən məlumata görə, gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.
Yəni, I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.
Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.