Azərbaycan və Türkiyənin arasında əməkdaşlıq protokolu imzalandı
02.06.2021
Türkiyədə hakim AK partiyanın sədr müavini Numan Kurtulmuş və YAP-ın sədr müavini Tahir Budaqov arasında müqavilə imzalanıb.
DHA xəbər verir ki, mərasim AK partiya Mərkəzində baş tutub.
Numan Kurtulmuş bildirib ki, iki ölkənin hakim partiyası olaraq münasibətləri daha sistemli və qalıcı hala gətirmək üçün əməkdaşlıq protokolu imzalayıblar.
"Yeni bir tarixi mərhələdə olduğumuzu bilirik. Azərbaycanın Qarabağın azad edilməsi uğrunda 44 gün davam edən, möhtəşəm qələbə əldə etdiyi müharibədə dostlarımızın yanında olduq. Türkiyə olaraq iki ayrı dövlət, amma bir millət olduğumuzu bütün dünya ictimaiyyətinə göstərdik”.
O bildirib ki, iki ölkə arasında mədəniyyət, təhsil və ticarət sahələrində bir çox sahədə gücümüzü birləşdirəcəyik.
Məqsədlərinin iki ölkənin xalqları və partiyaları arasındakı əlaqələri inkişaf etdirmək olduğunu ifadə edən Kurtulmuş yaxın zamanlarda Azərbaycana təkrar gələcəyini qeyd edib.
Tahir Budaqov da öz növbəsində Türkiyə ilə Azərbaycan arasındakı dostluğun dünyaya nümunə olduğunu vurğulayıb.
Kurtulmuş və Budaqov arasında 9 maddəlik əməkdaşlıq protokolu imzalanıb. Protokolda tərəflər arasında təcrübə və təşkilat mübadiləsi, partiya kadrlarının hazırlanması, tərəflərin üzv olduqları və ya təmsil olunduqları beynəlxalq təşkilatlarda həmrəylik və ortaq münasibət nümayiş etdirilməsi, təhsil, mədəniyyət, qadın və gənclik siyasəti, digər sahələrdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları arasında əlaqələrin qurulmasına dəstək verilməsi və hər tərəfdən bir nəfər koordinator təyin edilməsi barədə razılığa gəlinib.