DİN-dən Xəbərdarlıq
01.06.2021
Sosial şəbəkələr üzərindən narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan cinayətkar şəxslərin niyətilə bağlı mətbuatın sorğusuna Daxili İşlər Nazirliyindən münasibət bildirilib.
DM xəbər verir ki DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev narkotiklərin qanunsuz dövriyyəsinin əsasən latent (gizli) cinayətlər kateqoriyasına daxil olduğunu deyib.
Bu istiqamətdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən kompleks əməliyyat-axtarış, əməliyyat-profilaktik tədbirlər bütün istiqamətlər üzrə davam etdirilir.
Təəssüf ki, bəzən narkotiklərin alqı-satqısı ilə məşğul olan şəxslər özləri kölgədə qalmaq üçün sadəlövh insanları sosial şəbəkələrdə ələ alaraq cinayətkar niyətlərinə ortaq edirlər. Bu zaman seçilmiş qurban şəxsiyyəti məlum olmayan cinayətkarın "insanpərvərliyinə”, "qayğısına”, verdiyi yalan vədlərə inanaraq istəmədən cinayətin iştirakçısına çevrilməklə, tapşırıqları icra (kuriyerlik) edir, narkotik vasitələri bir ünvandan digər ünvanlara çatdırır.
Bütün bunları nəzərə alaraq, ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli və məsuliyyətli olmağa, ayrı-ayrı şəxslərin yalan vədlərinə inanmamağa çağırırıq.
Şəxs cinayət başında tutularkən "bilmədim”, "aldadılmışam”, "mənə köməyi dəyib, düşünməzdik ki, belə edər…”, -deyə əməlinə bəraət qazandırmağa çalışsa belə, bilməlidir ki, bu, onu cinayət məsuliyyətindən azad etmir.