Təhsil naziri şəhid övladları ilə görüşdü
01.06.2021
İyunun 1-də Təhsil Nazirliyi və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Biz Zəfərin övladlarıyıq” adlı tədbir keçirilib.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən tədbirə 50-ə yaxın şəhid övladı qatılıb. Bölgələrdən olan şəhid övladları görüşə "Zoom” platforması üzərindən onlayn qatılıblar.
Uşaqları təbrik edən təhsil naziri hər zaman dövlət səviyyəsində onlara göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Nazir uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Təhsil naziri həmçinin 44 günlük Vətən müharibəsi zamanı şəhid olan şagirdlərimizi də anıb. Vətən müharibəsində qazanılan zəfərdə təhsil işçilərinin də rolunu vurğulayan Emin Əmrullayev şəhidlərimizi dərin ehtiramla yad edib, qazi və əsgərlərimizə cansağlığı arzulayıb.
Emin Əmrullayev şagirdlərə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb.
Tədbirdə şagirdlərin hazırladıqları musiqili kompozisiya təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.