Paşinyan ad gününü Makronla keçirəcək
27.05.2021
Ermənistanda vəziyyət gərgin olduğu halda hökümət kef axtarır.
Yerkir.am saytının müxbiri İrəvanda restoranların birində axşam vaxtı əylənən Ermənistan parlamentinin sədr müavini Alen Simonyan və DJ Edoya yaxınlaşaraq "Sərhəddə gərginlik və itkilərimizin olduğu bir vaxtda siz restoranlarda necə gəzib əylənə, sevinə bilirsiniz? Geqarkunikdə azərbaycanlılar irəlləyir, bəs siz ölənlərimizi düşünmürsüz? Narahat olmursuz?” - deyə sual verib. Simonyan jurnalistə cavab olaraq bildirib ki, "ölənlərin dərdini özün çək, Qeqarkunikdəki vəziyyətdən sən narahat ol”.
Daha sonra Simonyan jurnalisti təhqir edib, restoran işçilərindən onu çölə çıxartmağı tələb edib. Deputatın sürücüsü Axo isə jurnalisti itələyərək yıxıb. Öz kef damağında olan isə tək Simonyan deyil. Erməni mətbuatı yazır ki, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan, Fransa prezidenti Emanuel Makronun dəvəti ilə gələn həftə Fransaya səfər edəcək. Paşinyan iyunun 1-i ad gününü Makronla birgə Parisdə qeyd edəcək.
Erməni mətbuatı onun işgüzar səfər adı altında Fransaya əylənmək üçün getməsini qınayıb. Ən maraqlısı isə Paşinyanın Zəngəzur və Qeqarkunikdəki hadisələr fonunda bayram əhval-ruhiyyəsində olmasıdır, xüsusən də ölkədə siyasi və seçki prosesləri getdiyi bir vaxtda. Necə deyərlər, "keçi can hayında qəssab piy axtarır”.