İrakli Qaribaşvili İlham Əliyevə təbrik məktubu göndərdi
27.05.2021
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:
"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Gürcüstan Hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və uğurlar diləyirəm.
Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bizim ümumi səylərimizlə ölkələrimiz arasında səmərəli əməkdaşlıq və mehriban qonşuluq əlaqələri uğurla inkişaf edir. Biz sarsılmaz strateji tərəfdaşlığımızı və dostluq münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik, bu da ölkələrimiz arasında tərəqqi və rifahın möhkəmlənməsinə töhfəsini verəcək.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək bir daha Sizə dərin ehtiramımı ifadə edirəm”.