Onları unutmayaq - Məmmədtağı Abbas oğlu Bağırov
05.08.2018
M. Bağırov 1890-cı il avqustun 5-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub.[1] S.Ruhullanın təkidi ilə H.Ərəblinski reatr truppasına daxil olub, H.Sarabski, Ə.Ağdamski, H.Terequlov, H.Hacıbababəyov ilə birgə ölməz səhnə əsərlərində çıxış edib.
Sənət yolunda ilk addımlarını qadın rolları oynamaqla atıb, Ü.Hacıbəyovun "Əsli və Kərəm”ində Əsli,”Leyli və Məcnun”da Leyli obrazlarını yaradıb. Azərbaycan musiqisinin,habelə, dramaturgiyasının əvəzsiz nümunəsi sayılan "Arşın mal alan” komediyasının ilk səhnə quruluşunda M.Bağırovun zəhməti az olmayıb. O, operettanın maraqlı surətlərindən olan Süleyman və Soltan bəy obrazlarını ifa edib. Ümumiyyətlə,onun yaddaqalan obrazları hədsiz dərəcədə çox olub.Bunlara misal olaraq "Şah İsmayıl”da Aslan şahı, "Koroğlu”da Həsən xanı, "Aşıq Qərib”də Şahvələdi misal çəkmək olar. Ömrünün son illərində isə sənətkar "Leyli və Məcnun”da Leylinin atası rolunu oynayırdı.Hüseyn Seyidzadənin "O olmasın,bu olsun” filmində Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) bütün mahnılarını M.Bağırov səsləndirib. Filmotekanın "Qızıl fondunda” onun səsi yazılmış kino lenti daim səsləndirilir, ancaq adı çəkilmir.
Əsası 1920-ci ildə qoyulmuş, opera və balet truppası 1924-cü ildə müstəqil kollektivə çevrildikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrı kimi fəaliyyətə başlamış bu musiqi məbədi xalqımızın mədəni-maarif səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır. Azərbaycanın ən istedadlı musiqili teatr xadimlərindən Bülbül Məmmədov, Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Şövkət Məmmədova, Fatma Muxtarova kimi bənzərsiz sənətkarlar bir sıra milli və xarici bəstəkarların əsərlərində aparıcı rollar oynamış və bənzəri olmayan obrazlar yaratmışdılar. Teatr indimizdə də tarixi ənənələrini uğurla davam etdirir. Lakin opera və balet teatrı kollektivinin keçdiyi yol heç də həmişə rəvan olmamışdır. Vaxtilə milli kadrlar hazırlanması sahəsində neqativ hallara yol verildiyindən klassik opera tamaşalarında iştirak etmək üçün gənc azərbaycanlı ifaçılar hazırlanmırdı.