21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

5 avqustda doğulanlar - Sakit Məmmədov

05.08.2018

Sakit Məmmədov 1958-ci il avqust ayının 5-də Neftçala şəhərində anadan olmuşdur.
1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978-1980 ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakultəsinə daxil olmuş ,1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir.Sakit Məmmədov 30 ildən çoxdur ki bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında,qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur.O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. Rus , və Türk dillərini bilir. Ailəlidir, 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov,Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.
Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır. Sənətkar o zaman xoşbəxtdir ki, onun yaradıcılığı elə sağlığındaca layiqli qiymətini alır.Xoşbəxtliyi arzulamaq yox əldə etmək lazımdır. Bu mənada Sakit Məmmədovun sənətinə qibtə etmək olar. Sual oluna bilər, rəssamın sənətkarlığını sənətsevərlər tərəfindən bu qədər sevilməsinin səbəbi nədədir? Əvvəla, qeyd edək ki, ümumiyyətlə, yaradıcı insanlar onun sənətini tanıyanlar tərəfindən müxtəlif cür qəbul olunur.Təsadüfi deyil ki, «Alın yazısını bəzən alın təriylə yumaq olar. Çünki Allah alın tərini, zəhməti qiymətləndirəndi» fikri də məhz Sakit Məmmədova aiddir. «Əsl sənətkar kompozisiyanı öncə ağ-qara ləkələrlə, sonra isə rənglərlə görməlidir» - deyən rəngkarın «Xatirə şəkli», «Oyun», «Məşq», «Falabaxanlar», «Ad günü», «Leninqrad xatirələri», «Yaşasın İstanbul», «Bayram», «Toy», «Metro», «13 nömrəli avtobus», «Həvəskar» və s. əsərlərinə baxanda tablolarda ləkələri necə ustalıqla əks olunduğunu bir daha görürük.
Sakit Məmmədovun yaradıcılığına bələd olanlar bilirlər ki, o, çox zaman qəhrəmanların libaslarını da öz fantaziyası ilə «geyindirir». Bu rəsmdəki geyimlərdə isə bizə tanış olan dəbi görürük. Qeyd edək ki, rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Belə əsərlərdə rəssam sanki öz dünyasının zamanını göstərmək istəyir.Sakit Məmmədov müsahibələrin birində: «İnsan dünyaya necə gəlir? Bax əsər də beləcə yaranır. Əgər hər hansı bir rəssam deyirsə ki, mən ağ kətana boyaları yaxmaqla əsər yaratdım, bu fikir gülməlidir. Kompozisiya üçün beyin işləməlidir. İnsanın dünyaya gəlməsi təbii, Allah tərəfindən düşünülmüş bir şeydir. Qulaq yeganə insan orqanıdır ki, ana bətnində ilk olaraq tam formasını alır. Allah bunu məlumatını ötürmək üçün belə yaradıb. Rəssamlıqda da eynən bu cürdür. Kompozisiyada rəssam ilk olaraq nəyi görmək istəyirsə, əvvəlcə onun üzərində işləyir…».-demişdir. Böyük müşahidə qabiliyyətinə malik olan rəssam tematik əsərlərində təsvir etdiyi hadisədə obrazların fikirlərini göstərməsə belə, onların nə haqda düşündükləri aydın sezilir. Məsələn, «Adəm və Həvva» əsərində paklıq, saflıq bəşəriyyətin ilk insanlarının çöhrəsində yüksək peşəkarlıqla elə təcəssüm olunub ki, buna diqqət yetirən tamaşaçının sevincdən yaranan təbəssümünü görməmək qeyri-mümkündür. Ümumiyyətlə, az insan tapılar ki, «Adəm və Həvva» mövzusu onun maraq dairəsində olmasın və yaxud da bu barədə müzakirə aparmasın. Yaradıcı insanlar isə şifahi diskussiyalardan fərqli olaraq, mövzuya dair fikirlərini öz sənətləri ilə ifadə edirlər. Bu sujet xətti hər rəssamın əsərində demək olar eyni ilə təcəssüm olunur. Lakin Sakit Məmmmədovun «Adəm və Həvva»sına baxanda onun bu mövzuya tamamilə fərqli yanaşdığı aydın sezilir. Rəssam əsərdə yer üzünün ilk sakinlərini şeytansız, yarpaqsız, ağacsız göstərməklə mövzunu ənənəvilikdən çıxarıb ona öz fikri ilə yeni məna «geyindirib». Əsər haqqında rəssamın özünün düşüncələrini təqdim etsək, düşünürük ki, mövzuya bir qədər işıq saçmış olarıq: «Mən Adəm və Həvvanı daha gənc, dünyadan bixəbər, məsum obrazlar kimi, ilk məhəbbət kimi təsvir etmək istəmişəm. Hətta fikir vermisinizsə orada Adəm və Həvvanı göbəksiz təsvir etmişəm, bu da o deməkdir ki, onlar başqa insanlar kimi doğulmayıblar. Yaxud deyirlər ki, hər insanın göydə öz ulduzu olur, tabloda da göy təsvir olunub və mən iki ulduz çəkməklə həmin fikri ifadə etmək istəmişəm. ».Həvva mövzusunda çəkdiyi əsərlərində onların isti rənglərin imkanlarından daha geniş istifadə etdiklərini görürük. Əlbəttə, isti rəng təsvir edilən hadisənin daha real, inandırıcı görünməsi üçün vacib faktordur. Əsərə diqqət yetirdikdə, görürük ki, rəssam onları tam da olmasa, qismən torpaq rəngində təsvir etməyə çalışıb. Bu da ondan irəli gəlir ki, sənətkar insanın torpaqdan yaranması anlayışını məhz ilk insanların təsvirində vermək istəyib.
Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, «Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir»- demişdir. Sənət haqqında Sakit Məmmədovun dediklərindən: «Rəssamlıq mənim aləmimdə böyük sənətdir. Məncə, bu sənətlə məşğul olmaq hər insanın işi deyil. Çünki bu, göz qabağında olan sənətdir. Deyərdim, incəsəntin ən çətin sahəsidir ki, tamaşaçı burada həm rəngi, həm obrazı, həm də hissələri görə bilir. Bu sənət insan kimi dünyaya gəlir, ömrünü yaşayır. Mən rəssamlığı qız övladına bənzədirəm. Kimsə rəsmi alıb aparırsa, məni onun taleyi maraqlandırır: o hansı evə düşəcək, onu orda nələr gözləyəcək? Rəssamların çoxuna elə gəlir ki, onlar nə vaxtsa yaşayıblar. Amma demək olmaz ki, yaradıcılıqları filan əsrə aiddir. Rəssam nəyi düşünürsə onu çəkməlidir. Təsəvvür edin, Allah neçə milyon illərdir ki, yer üzünü, insanları yaradıb, amma yenə də axtarışdadır. Axı bütün insanlarda göz, burun, ağız olduğu halda onlar yenə də bir-birinə bənzəmir. Eyni zamanda ümumi oxşarlıqlar var. Qəribə deyilmi? Bəzi rəssamlara elə gəlir ki, artıq hər şey çəkildiyi üçün təzə nə isə yaratmaq mümkün deyil. İntibah dövrünün rəssamlarından tutmuş bu günə kimi çərçivədən çıxmamaq şərtilə insanı olduğu kimi çəkirlər. Ona görə də ən böyük dahilik gündəlik gördüyün obrazlardan böyük bir əsər yaratmaqdır.Əsl sənətə xidmət edən yaradıcı insan üçün zaman anlayışı yoxdur. Sakit Məmmədovun "Günaydın" əsəri Tumblr sosial şəbəkəsində günün fotosu seçilmişdir.
Opalizm akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki, insanların zövgünü oxşamaqdadır.Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Bununla sənətkar sübut eyməyə çalışıb ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib.Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Düzdür, opal rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində daş növü kimi deyil, əlbisələrdə, baş geyimlərində, qadın zinət əşyalarında və s. formalarda təzahür edir. Yəni, opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Buna baxmayaraq, rəsmlərdə daşın insanda yaratdığı xoş ovqatı və müalicəvi xüsusiyyətini hiss etmək olar.Sevindirici haldır ki, Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. Şübhə yoxdur ki, sənətkarın yaratdığı bu üslub gələcəkdə yetirmələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayıb yaradan yüzlərlə, minlərlə rəssamın yaradıcılığı tərəfindən də davam etdiriləcək.
1987-ci ildən günümüzə qədər Sakit Məmmədovun bir sıra ölkələrdə sərgisi olmuşdur. Azərbaycanda, Türkiyədə,Rusiyada,Belorusiyada,İsveçdə, Ukraynada,Almaniyada,Fransada,Avstriyada,İtaliyada,Belçikada,Misirdə,Çində,Avstraliyada,İngiltərədə,Şotlandiyada,Gürcüstanda, Tatarıstan respubilkasında,Sinqapurda,Portuqaliyada sərgiləri keçirilmişdir.