Fransa müstəmləkəçiliyinə qalib gələn lider
19.05.2021
Vyetnam xalqı mayın 19-da ölkənin sabiq prezidenti Ho Şi Minin anadan olmasının 131-ci il dönümünü qeyd edir. Prezident Ho Şi Min Vyetnam xalqının müstəmləkəçilik və xarici işğalçılara qarşı, habelə azadlıq və müstəqillik uğrunda mübarizəsində çox böyük rol oynayıb.
Vyetnam onilliklərlə Fransanın müstəmləkəsi olub. Həmin dövrdə Fransa vyetnamlılara qarşı böyük qəddarlıq nümayış etdirib. 1945-ci ildə Vyetnam xalqı Ho Şi Minin rəhbərliyi altında fransızlara qarşı hərbi mübarizəyə qalxıb və 9 il davam edən müharibə Vyetnam xalqının qələbəsi ilə nəticələnib.
Müstəmləkəçilər fransızlar ilə vyetnamlılar arasında son dərəcə düşmən və ayrı-seçkilik siyasəti həyata keçirirdilər. Ho Şi Min "Fransız müstəmləkəçiliyi mühakimə olunur” (1925) adlı əsərində avropalılar və yerli sakinlər arasında inzibati və hüquqi ayrı-seçkilik uçurumunu ifşa edir, fransızların mütləq hökmdar kimi hökmranlıq etdiklərini, vyetnamlılara qarşı olduqca qəddarlıqla davranaraq onları heç bir məhkəmə qərarı olmadan qətlə yetirdiklərini bildirirdi.
Fransız müstəmləkəçilər öz hakimiyyətlərini qorumaq məqsədilə "parçala və hökm sür” siyasətini həyata keçirirdilər. Bununla yanaşı, ədalət mühakiməsi sistemi tam olaraq fransızların maraqlarına xidmət edir, onların iştirakı ilə baş verən istənilən cinayətlər, o cümlədən yerli sakinlərin öldürülməsi barədə işlər üzrə qərarlar hər zaman fransızların xeyrinə verilirdi. Bununla yanaşı, on minlərlə vyetnamlı "qan vergisi” ödəyicisi olaraq Fransanın dünyanın müxtəlif yerlərində apardığı müharibələrə məcburi olaraq əsgər qismində cəlb olunurdu, buna etiraz edənlərin ailələrinə qarşı isə vəhşiliklər törədilirdi.
Vyetnam xalqının "maarifləndirilməsi” prosesində fransızlar həbsxanalardan və qilyatinadan geniş istifadə edirdilər. Bu gün muzey kimi istifadə edilən Hanoy həbsxanasında nümayiş etdirilən fiqurlar müstəmləkə dövründə fransızlar tərəfindən vyetnamlılara qarşı tətbiq edilən işgəncələri nümayış etdirir.
İqtisadi cəhətdən Fransanı zənginləşdirmək üçün Vyetnamın təbii ehtiyatlarını istismar etmək məqsədilə fransız müstəmləkəçiləri Vyetnamda iki iqtisadi islahatları, daha doğrusu iqtisadi istismar layihələrini həyata keçiriblər. Birincisi 1897-1914-cü illərdə, digəri isə 1919-1929-cu illərdə həyata keçirilən bu proseslər Vyetnamın təbii ehtiyatlarının talan olunmasına, ölkə iqtisadiyyatının ağır duruma düşməsinə, əhali arasında aclığın və xəstəliklərin geniş yayılmasına gətirib çıxarmışdı. Ən yaxşı əkinçilik əraziləri müstəmləkəçilərin və onların tərəfdaşlarının əlində cəmləşmişdi və kəndlilərin əksəriyyəti aclığa məruz qalmışdı. İkinci Dünya müharibəsi zamanı taxıl anbarlarının düyü ilə dolu olmasına baxmayaraq, təxminən 2 milyon vyetnamlı aclıqdan ölüb.
Aşağıdakı mənbə 1930-1933-cü illərdə Fransız Hind-Çinindəki müstəmləkə repressiyası və vəhşiliklərə dair bir fransız hesabatındandır: "Bu yerli nümayişlərdən sonra baş verən isterik repressiya böyük qəddarlıqlara səbəb oldu. Kütləvi həbslər baş verdi və işgəncə, mətbuatın yazdığına görə, xüsusilə elektrik işgəncəsi tətbiq olunurdu. Andree Viollisin sözlərinə görə, cəza növlərinə qida məhdudiyyəti, bastinado (ayaq altına zərbələr), dırnaqların altına vurulmuş sancaqlar, yarım asma, sudan məhrum etmə, gözlərin çıxarılması və çap olunması mümkün olmayan digər üsullar daxil idi. Əsasən Xarici Legion və Müstəmləkə Legionundan olan piyadalar daha qəddar idilər. Vəhşiliyin izahı xoş deyil, vəhşiliyi açıqlamaq isə faydalı bir təbliğat növü deyil. Ancaq legionerlərdən bəzilərinin 1933-cü ilin iyununda Hanoydakı məhkəmə prosesində həddindən artıq qəddarlıq tətbiq etdikləri ifşa olunub”.
Həmin məhkəmədə hakim və fransız zabitlər arasındakı dialoqa diqqət yetirək:
"Leytenant Lemoanne: Bütün məhbusları öldürmək üçün komendant Lambertin əmrlərini aldım. Bəzi hallarda, kommunistləri açıq cinayətdə tutdum və dərhal öldürdüm.
Hakim: Məhbuslara işgəncə verdiniz?
Lamoanne: Bu, əhaliyə təsir etmək üçün idi.
Kapitan Doucin: 8/10/30-un 280-ci gizli mesajında dəqiq bir təlimat verildi, açıq cinayətdə yaxalanan hər bir kommunistin edam edilməsinə dair əmr verildi ... Mən qanlı işlərin edildiyini yaxşı bilirəm. Bəs, kim vuruldu? Kommunistlər! Yaxşı, yetərincə vurulmadığını düşünürəm. Bu, mənim fikrim ...
Hakim [Legioner Palovskiyə]: Siz məhkumları edam etmək üçün təlimat almısınızmı?
Palovski: Bəli, bundan sonra bizi təbrik edən Mösyö Robinin göstərişi: Tres bien! Davam edin!"
Qeyd olunan məhkəmədə təqsirləndirilən fransız hərbçilərə bəraət verilib.
Bütün bunlara dözə bilməyən Vyetnam xalqı 1945-ci ildə fransız müstəmləkəçilərinə qarşı mübarizəyə qalxdı. Bu müharibə dövründə öncədən nümayiş etdirilən fransız amansızlığı daha da şiddətli hal almışdı. Buna baxmayaraq, Vyetnam xalqı 1954-cü ildə Dien Bien Fudakı qələbə ilə fransız müstəmləkəçiliyinə son qoydu.
Digər millətlərin başına ağlasığmaz zülmlər gətirmiş, böyük haqsızlıqlar etmiş, milyonlarla insanları qətlə yetirmiş və bir çoxlarına zülm etmiş Fransanın bu gün təcavüzkar Ermənistanın tərəfini tutması, əlləri uşaq və qadınların qanına bulaşmış Ermənistan siyasətçilərinin istənilən bəyanatlarını Fransa rəsmiləri tərəfindən sözbəsöz təkrarlamaları yuxarıda qeyd olunan tarixi hadisələr nəzərə alınmaqla artıq təəccüblü gəlmir.
Şahin Cəfərov