Paşinyanın ailəsi ABŞ-a qaçır
16.05.2021
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın ailəsi yenidən KİV-in tənqidinə tuş gəlib.
DM Azvision.az-a istinadən xəbər verir ki, bu dəfə Paşinyanın həyat yoldaşı Anna Akopyan medianın hədəfinə çevrilib. Erməni saytlarının yaydığı xəbərə görə, Akopyan yaxın günlərdə gizli şəkildə ABŞ-a gedəcək:
"Məlumatı və səfərin detallarını gizli saxlamağa çalışırlar. Akopyanın budəfəki Amerika səfəri erməni icması ilə təmaslara hesablanmayıb. O, sorosçular, yəhudi və hətta Suriya icmaları ilə görüşlər keçirəcək, onların ölkəsi ilə bağlı gələcək planlarını öyrənəcək. Bundan əlavə, mənbəmiz Akopyanın ABŞ-da bir malikanə almasını da söyləyib. Hətta onun, eyni zamanda başqa bir adla Amerika vətəndaşlığını əldə etməsi də deyilir. Mənbəmizin verdiyi məlumata görə, Akopyan övladları üçün də vətəndaşlıq alıb. Lakin onların öz adları ilə, yaxud da anası kimi başqa bir kimliklə buna nail olmasını öyrənə bilmədik".
KİV iddia edir ki, hadisələrin hazırkı gedişatı nəzərə alınsa, Paşinyan ailəsi onlar üçün ən azı ciddi baş ağrısına çevrilən Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ və sərhəd məsələlərinin gərginliklərindən uzaq qalmaq üçün dinc və etibarlı gələcəyə hazırlaşır.
Xatırladaq ki, qışda da erməni mediası Anna Akopyanın ailəsi ilə Moskvaya gizli gedərək istirahət etməsi barədə xəbər yaymışdı. Sonradan məlumatın doğruluğu üzə çıxmışdı.