Təhsil Nazirliyinin verdiyi qərara əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində, eləcə də Abşeron rayonu ərazisində fəaliyyət göstərən orta təhsil müəssisələrində 17 maydan etibarən əyani təhsil bərpa ediləcək.
Tətbiq edilən qərar çərçivəsində məktəblərin ibtidai siniflərində tədris həftədə iki dəfə, yuxarı siniflərdə isə həftədə üç dəfə əyani formada keçiriləcək. Bu qayda məktəbəqədər hazırlıq qruplarına da şamil olunur.
Təhsil ekspertləri isə məktəblərdə yay tətilinin başlamasına bir aydan da az vaxtın qaldığı zamanda belə bir qərarın verilməsini doğru hesab etmirlər.
Hazırda həyata keçən əyani təhsil maksimum 21 günü əhatə edir. Nəzərə alsaq ki, tədris ilinin yekunu ərəfəsində keçirilən dərslər hesabatyönümlü olur. Belə olduğu halda, məktəblərin açılmasının da xüsusi məqsəd daşıdığı aydın olur.
Belə anlaşılır ki, tədrisin qismən bərpasında əsas məqsəd ikinci yarımil və il üzrə summativ qiymətləndirmənin həyata keçirilməsidir.