21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mikayıl Cabbarovdan AÇIQLAMA

05.05.2021

 Regionda mühüm nəqliyyat mərkəzi olan Azərbaycan transsərhəd və tranzit prosedurları və logistikanı daim təkmilləşdirir, logistika sistemini və ticarət proseslərini rəqəmsallaşdırır.

DM xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının "CAREC-in 20 ili: rəqəmsal transformasiya yolu ilə regional əməkdaşlığın yenidən nəzərdən keçirilməsi” adlı yüksək səviyyəli onlayn iclas zamanı deyib. İclas Asiya İnkişaf Bankının (AİB) illik ümumi yığıncağı çərçivəsində baş tutub.

"Bəlkə də region və xüsusən də Azərbaycan üçün yeni bir eranın başladığını bilirsiniz. Təxminən 30 illik erməni işğalından azad edilmiş ərazilərin bərpası və inkişafı, o cümlədən zəruri infrastrukturun yaradılması, biznesin inkişafı üçün stimulların yaradılması, yeni nəqliyyat və iqtisadi dəhlizlərin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması bir çox illər ərzində iqtisadi fəaliyyətimizin prioritetləri siyahısında olacaq. Bu tədbirlər, şübhəsiz ki, regional əməkdaşlığın gücləndirilməsinə kömək edəcək”, - o deyib.

Regionun yenidən qurulması həm dövlət investisiyaları hesabına, həm də özəl maliyyə vəsaitlərinin cəlb edilməsi ilə həyata keçiriləcək. M.Cabbarov bir qədər əvvəl qeyd edib ki, sərmayədarlar üçün cəlbedici şərtlər yaradılacaq, lakin Azərbaycan tərəfinin xarici investisiyalara açıq olması onun bu investisiyalar olmadan vəzifəsini yerinə yetirə bilməyəcəyi anlamına gəlmir.

Azərbaycan hökuməti 2021-ci ildə bölgənin bərpası üçün təxminən 1,5 milyard dollar dəyərində dövlət sərmayəsi yatırmaq niyyətindədir.

Onun sözlərinə görə, bölgədə kənd təsərrüfatı ilə yanaşı, turizm və dağ-mədən sənayesi inkişaf edəcək – müharibədə qazanılmış qələbə nəticəsində Azərbaycan Kəlbəcər rayonundakı "Söyüdlü” (Zod) qızıl yatağının 2/3 hissəsini özünə qaytarıb.

Naxçıvan nəqliyyat dəhlizinin yenidən qurulması və Azərbaycandan Ermənistan və Naxçıvan ərazisi ilə Türkiyəyə gedən dəmir yolunun bərpası bölgənin iqtisadiyyatına təsir edəcək. M.Cabbarov qeyd edib ki, Naxçıvanla əlaqənin bərpası Ermənistan da daxil olmaqla, bölgənin bütün ölkələri üçün faydalıdır.

İqtisadçıların fikrincə, Bakı 10 il ərzində Qarabağın bərpasına təxminən 60 milyard dollar xərcləyəcək.

Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması nominal ÜDM-i 1,1 trilyon dollardan çox olan türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək və eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini artırmağa şərait yaradacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə bu nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu, xüsusilə, Naxçıvan iş adamlarının Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışının təmin edilməsi baxımından vacibdir. Dəhliz eyni zamanda Azərbaycanın eksklavı – Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri gücləndirəcək və ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası isə türk dünyası Zəngəzur dəhlizi vasitəsilə yenidən birləşəcək.