Riyaziyyatın ən ali mükafatı PAYLANILDI
02.08.2018
Rio-de-Janeyroda keçirilən Beynəlxalq Riyaziyyat Konqresində Filds mükafatının builki qaliblərinin adları açıqlanıb.
AMEA-dan bildiriblər ki, Kauşer Birkar (Kembric Universiteti) polinomial tənliklərin müxtəlif növlərinin təsnifatı üzrə bu mükafata layiq görülüb. O, belə tənliklərin sonsuz müxtəlifliyinin sonlu sayda qruplara bölündüyünü sübut edib.
İtaliyalı Alessio Fiqalli (İsveçrə Ali Texniki Məktəbi) optimal nəqliyyat problemləri sahəsindəki nailliyyətlərinə, almaniyalı Peter Şolce cəbri həndəsəyə verdiyi töhfələrə, Akşay Vankateş (ABŞ, Prinston Perspektiv Tədqiqatlar İnstitutu) isə ədədlər nəzəriyyəsi, dinamikası və topologiyası sahələrindəki xidmətlərinə görə mükafatlandırılıblar.
Qeyd edək ki, Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildən bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır.
Mükafat 1924-cü ildə Kanadanın Toronto şəhərində keçirilən I Beynəlxalq Riyaziyyat Konqresinin prezidenti, Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılıb. 14 karatlıq qızıldan hazırlanan mükafatın məbləği 15 min Kanada dollarıdır.
Bu medal riyaziyyat sahəsində ən nüfuzlu mükafatlardan biri hesab olunur. Riyaziyyat üzrə həm Filds mükafatına, həm də riyaziyyatçılara verilən Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı” deyirlər.