"Qərbi Zəngəzur da bizim torpaqlarımızdır" - İlham Əliyev
27.04.2021
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva aprelin 26-da Zəngilan rayonunun Mincivan qəsəbəsinə yola düşüblər.
DM səfər zamanı gerçəkləşən dialoqu təqdim edir:
Prezident İlham Əliyev: Biz gedirik Mincivan qəsəbəsinə. Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir.
Orada dəmir yolu stansiyası var idi. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışlar. O relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdular. Biz indi yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verildi. Mən bir müddət əvvəl Horadiz qəsəbəsində Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək. Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu açacağıq və həmçinin avtomobil yolu açılmalıdır.
Buranın da çox gözəl təbiəti vardır - uca dağlar, meşələr. Burada da şiddətli döyüşlər gedib, düşməni sərhədə qədər qovmuşuq, şəhidlər vermişik. Ağbənd qəsəbəsini - Ermənistan sərhədinə yaxın yerləşən o qəsəbəni azad edərək düz Ermənistan sərhədinə çıxdıq. İndi bu sərhəddə möhkəmlənirik, burada da sərhəd zastavası fəaliyyət göstərir. Bütün sərhədimizi bərpa etmişik.
Dövlətimizin başçısı erməni işğalçıların viran qoyduğu Mincivan dəmir yolu stansiyasının binasının yerləşdiyi əraziyə gəldi.
Prezident İlham Əliyev dedi:
-Bura Mincivan dəmir yolu vağzalı olub. Mənfur düşmən bu binanı da yerlə-yeksan edib, dağıdıb, dəmir yolunu söküb, relsləri aparıb, satıb, əridib və tank əleyhinə istehkamların quraşdırılması üçün istifadə edib. Bu bina erməni faşizminin növbəti qurbanıdır, növbəti şahididir. Ermənilər bütün binalarımızı - ictimai binaları, evləri, məscidləri, muzeyləri dağıdıblar, söküblər, talayıblar, daşları oğurlayıb aparıblar, özləri üçün evlər tikiblər.
Biz onları buradan qovduq. Burada şiddətli döyüşlər gedib. Mincivan qəsəbəsi uğrunda şiddətli döyüşlər gedirdi. Bizim Silahlı Qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərdi, düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Bundan sonra Ermənistan sərhədinə qədər, Ağbənd qəsəbəsinə qədər uğurla irəliləyərək düşməni torpağımızdan çıxartdı. İndi dəmir yolu yenidən qurulacaq, vağzal da, həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək.