İlham Əliyevin "Azərbaycan-İran sərhədi" haqqındakı AÇIQLAMASI
27.04.2021
"Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılıb. Bu bir daha sərhəd xidmətinin işinə verdiyimiz diqqətin təzahürüdür. Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib. 132 kilometr işğal altında olmuş sərhəd bərpa edilib”.
Bu sözləri Zəngilan rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak edən Prezident İlham Əliyev sərhədçilər qarşısında çıxışı zamanı deyib.
"Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımı istehkam, mühafizə işləri qurulmağa başlayıb. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca həm Azərbaycan-İran, həm də Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır. Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında dostluq, əməkdaşlıq sərhədidir. Sərhəddən keçən hər iki ölkənin vətəndaşları bundan faydalanırlar. Eyni zamanda ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir.
Bura yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Xudafərin körpüsü Müstəqillik Günündə - ötən ilin oktyabrın 18-də düşməndən azad edilib. Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynayıb. Məhz bu istiqamətdən azadlıq mübarizəmiz başlayıb və Vətən müharibəsi 44 gündən sonra ordumuzun qələbəsi ilə nəticələnib”, - deyə dövlət başçısı qeyd edib.