Zurabişvili Ukraynaya gedəcək
15.04.2021
Gürcüstan prezidenti Salome Zurabişvili və Ukrayna prezidenti Volodımır Zelenski arasında telefon danışığı aparılıb.
DM xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyasından bildirilib.
S.Zurabişvili Rusiya-Ukrayna sərhədindəki və Krımdakı vəziyyətdən narahatlığını bildirib və Ukraynaya həmrəylik ifadə edib. O qeyd edib ki, Ukrayna və Gürcüstanın təhlükəsizliyi üçün Avroatlantik inteqrasiyanı davam etdirmək önəmlidir.
Dövlət başçıları Qara dəniz bölgəsində təhlükəsizliyin vacibliyini, NATO-Avropa İttifaqı sammitində Gürcüstan və Ukraynanın birgə məqsədlərinin təqdim olunmasının zəruriliyini vurğulayıblar.
Tərəflər bu məsələlərin Gürcüstan prezidentinin Ukraynaya gözlənilən səfəri zamanı müzakirə olunması ilə bağlı razılığa gəliblər.