Metropolitendən qiymətlərlə bağlı MÜNASİBƏT
31.07.2018
Metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir.
"Bakı Metropoliteni” QSC metroda sərnişindaşıma tarifinin dəyişdirilməsinə münasibət bildirib.
"Dövran Media"nın məlumatına görə, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlaması zamanı bildirib ki, Metroda sonuncu dəfə sərnişindaşıma xidmətinin tarifi 2011-ci ilin 1 dekabr tarixində dəyişdirilib.
"Bu qiymət artımının zəruri səbəbləri barədə mən bir neçə obyektiv nümunələri çəkmək istəyirəm. Metroda bir sərnişindaşımanın istismar xərcləri 47 qəpiyə bərabərdir. Bu tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik bir fərq olacaq. Bu qiymətə yalnız istismar xərcləri daxildir: metro tikintisi – stansiyaların, tunellərin tikintisi, xətlərin inşası. Bura yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması və əsaslı təmiri, bunların heç biri 47 qəpiyə daxil deyil. Qiymətləri postsovet məkanı ilə müqayisə etsək, məsələn bu yaxınlarda Kiyevdə qiymətlər artırılıb, bizim məzənə ilə 41-50 qəpik arası dəyişir. Belarusda Minsk metrosunda gediş haqqı 55 qəpikdir. Özbəkistanın paytaxtı Daşkənddə 37 qəpikdir. Postsovet məkanına nəzər salsaq yenə də ən ucuz tariflər Bakı metrosundadır. Rusiyanı xüsusilə qeyd etmək istəyirəm. Rusiyanın elə metro stansiyası yoxdur ki, orada qiymətlər Bakı metrosundan qat-qat artıq olmasın. Halbuki orada metro təchizatından söhbət gedirsə böyük potensialı olan ölkədir. Həmin ölkənin metro sahəsi ilə bağlı istehsal gücü var. Biz isə əsas metro təchizatımızı xarici ölkələrin, xarici valyuta hesabına edirik”, - deyə qurum rəsmisi bildirib.
B.Məmmədov əlavə edib ki, bütün bunlara nəzər salanda ölkədə qiymətlərin aşağı olması metronun sosial layihə kimi təqdim olunması ilə bağlıdır: "Bu, o demək deyil ki, "Bakı Metropoliteni” QSC inkişaf etməyəcək. QSC yaradıldıqdan sonra bir sıra yeniliklərin nümunələrini saymaq istəyirəm. Məsələn biz bu yaxınlarda qatarların təmir olunaraq, modernləşdirilməsinə yerli şəraitdə nail olmuşuq. Bu o deməkdir ki, əvvəllər biz qatarları ölkə xaricinə çıxardırdıq ki, onları təmir edək, modernləşdirək. Bizim əldə etdiyimiz ilk səmərə qatarın həmin ölkəyə nəqlinə, gömrük xərclərinə, onun təmir edən şirkətin əldə etmək istədiyi gəlirlərin tam olaraq aradan qaldırılmasıdır. Vaqonların yerli şəraitdə təmir edilərək modernləşdirilməsinə gəlincə, biz qatarların təchizatını özümüz alıb gətirərək məhz qatarları "Bakı Metropoliteni” QSC-nin şəraitinə uyğun olaraq yüksək standartlar səviyyəsinə təmir olunur, modernləşdirilir. Onlar hətta kompüterləşdirilir. Sərnişinlərin rahatlığı üçün maksimum nə imkan varsa bu qatarlarda öz əksini tapır. Bu həm də yeni kadrlar deməkdir. Bu, yeni kadrların yetişdirilməsi sahəsində mühüm işlərin başlanması deməkdir. Bu, elmi-praktiki potensialın güclənməsi deməkdir. Bu, ən azından arzuladığımız vaqonqayırma sənayesinin yerli şəraitdə inkişafına təkandır. "Bakı Metropoliteni” QSC yerli şəraitdə beton blokların, beton yarımşpalların istehsalına başlayıb. Hal-hazırda bizim inşa olunan bənövşəyi xəttin "Memar Əcəmi” – B3 stansiyası arasındakı tunellərdə bu beton şpalların qoyulmasına başlanılıb. Taxta şpallarla müqayisədə bu şpalların ömrü daha artıqdır. Taxta şpalların ömrü 40 ildir, bu şpalların ömrü isə 50-80 ildir. Bunlar daha sadə, daha möhkəmdir. Bütün görülən işlərin məqsədi sərnişinlərin təhlükəsizliyi və rahatlığıdır”.