Fransa şirkətindən SOCAR-la bağlı AÇIQLAMA
15.04.2021
Fransanın "Technip Energies” şirkəti SOCAR-ın "Azərikimya” İstehsalat Birliyində modernizasiya işlərini tamamlanmaq üzrə olduğunu bildirib.
DM Oxu.Az-a istinadən bildirir ki, şirkət bu barədə rəsmi açıqlama yayıb.
Qeyd edilib ki, neft-kimya kompleksinin əsaslı təmiri artıq başa çatdırılıb və zavod təhvil verilmək üzrədir.
Eləcə də, aparılan sınaqlar layihənin icrası çərçivəsində tətbiq olunan bütün texnoloji yeniliklərin düzgün işlədiyini təsdiqləyib. Müqavilə üzrə fəaliyyətin yoxlanış testi fevral ayında başa çatdırılıb. Vurğulanır ki, zavod istehsal gücünə və keyfiyyət xüsusiyyətlərinə tam cavab verib.
Layihə direktoru Stefano La Femina əlavə edib ki, modernləşdirmə işlərinin bütün icra mərhələlərində tətbiq olunan yüksək keyfiyyət standartları, fəaliyyət hədəfləri problemsiz olaraq yerinə yetirilib.
Modernizasiya layihəsində İtaliyanın "Dipietro Group” şirkəti də iştirak edib. Şirkət növbəti dövrdə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq etmək üçün yeni imkanlara baxacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli sərəncamına əsasən, "Azərikimya” Dövlət Neft Şirkəti SOCAR-ın tabeçiliyinə verilib.
Prezidentin 2010-cu il aprelin 22-də imzaladığı fərmanla SOCAR-ın tərkibində "Azərikimya” İstehsalat Birliyi təsis olunub.
"Azərikimya” İB-nin strukturuna "Etilen-Polietilen” zavodu və Təmir-tikinti İdarəsi daxildir.