Ermənistan müxalifəti birik ola bilmədi
13.04.2021
Ermənistan müxalifəti seçkilərə əsas qüvvələri birləşdirərək vahid cəbhə altında olmasa da, heç olmasa bir neçə böyük blok şəklində getməyi planlaşdırırdı, lakin onların ümidləri puç oldu.
DM xəbər verir ki, bu barədə "Qraparak” qəzeti yazır:
"Hazırda əksər müxalifətçilər iri birləşmənin baş tutmamasından məyus olublar, üstəlik kiçik birləşmələr də alınmaya bilər. Pərdəarxası müzakirələr zamanı birləşməmənin əsas günahkarları qismində Serj Sarkisyan və Robert Koçaryanın adları çəkilir. Bildirilir ki, onlar Nikol Paşinyanla mübarizə aparmaqdansa, öz aralarında çəkişirlər. Lakin onlar fikir ayrılıqlarını unudub birləşsəydilər, Paşinyan üçün çətin olardı”, - deyə nəşr yazır.
Qəzet qeyd edir ki, Sarkisyan hakimiyyətə elə də böyük istəklə can atmır, əksinə siyasi komandasının problemlərini həll etməyə çalışır, lakin Koçaryanın da hakimiyyətə gəlməsini əngəlləmək üçün əlindən gələni edir.
"Koçaryana gəlincə, onun bir çox əsassız ambisiyaları var, heç kimə güzəştə getmək istəmir və düşünür ki, dominantlığı ələ keçirməlidir və siyahıda yalnız onu adı olmalıdır. Məhz buna görə Koçaryanla birləşməyə hazır olan bir çox siyasi qüvvələr, o cümlədən daşnaklar tərəddüd etməyə başlayıblar. Müxalifətdəki belə bir parçalanma isə Nikol Paşinyana sərf edir”, - deyə qəzet yazır.