21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkdilli Dövlətlərin yaxınlaşması zamanın tələbidir

05.04.2021

 Dünyanın dəyişikliyi fonunda türkdilli dövlətlərin də öz fəallığını artırması nəzərdən qaçmır və sözsüz ki, bu təqdirəlayiq haldır. Ən azı ona görə ki, Sovet İttifaqı dağılandan, MDB ölkələri müstəqillik qazanandan sonra da uzun müddət siyasətdə, iqtisadiyyatda və digər sahələrdə köhnə imperiyanın təsirləri özünü göstərdi. Əlbəttə, bunun obyektiv və subyektiv səbəblərinin olması anlaşılandı. Təbii ki, proses belə gedə bilməzdi, zaman dünyada baş verən proseslərə yeni yanaşmalar tələb edirdi. Türkdilli dövlətlərin məhz belə bir məqamda bir-birinə yaxınlaşması gələcək baxımdan çox zəruri idi və nəhayət, 2009-cu ildə rəsmi olaraq bu istiqamətdə ilk addım atıldı: türkdilli dövlət başçıları ilk dəfə Naxçıvanda bir araya gəldilər. 

O vaxtdan bu vaxtadək Əməkdaşlıq Şurasının bir neçə zirvə görüşü baş tutub. Sonuncu belə toplantı isə 2019-cu ildə Bakıda keçirilib və sədrlik Azərbaycana keçib.

Bütün arxada qalan illər ərzində türkdilli dövlətlərdən hər birində mühüm hadisələr, dəyişikliklər baş verib. Mübaliğəsiz demək olar ki, bu mənada Azərbaycan daha çox irəli gedib. Ötən illər ərzində ölkəmizdə sözün əsl mənasında iqtisadi inkişafa nail olunub, hərbi quruculuq sahəsində böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, ötən il Azərbaycan özünün ən böyük problemini - Qarabağ məsələsini uğurla həll etdi. Torpaqlarımızın böyük hissəsi erməni işğalından azad olundu.

Videoformat şəklində keçirilən sonuncu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev öz həmkarlarına bir daha Ermənistanla aparılan müharibə, onun səbəbləri və nəticələri barədə müfəssəl məlumat verdi. Azərbaycan lideri öz çıxışında həm də bu zəfərin təkcə digər türkdilli dövlətlər üçün yox, regionun başqa ölkələri üçün də böyük önəm daşıyacağını dilə gətirdi. İlham Əliyev 30 ildən sonra qazanılan bu qələbədə ilk növbədə qardaş Türkiyəyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğana, həmçinin 44 günlük müharibədə bizi dəstəkləyən bütün ölkələrə öz minnətdarlığını ifadə etdi. İlham Əliyev videokonfrans iştirakçılarına xatırlatdı ki, əgər müharibə 27 sentyabrda başladısa, artıq ertəsi gün türkdilli dövlətlərdən bizə dəstək gəldi.

Bu fakt bir daha onu göstərir ki, artıq zamanın tələbləri çox dəyişib və türkdilli dövlətlərin getdikcə bir-birinə yaxınlaşması da bu zərurətdən doğur.

Diqqət yetirsək, onu da aydın görmək mümkündür ki, əgər vaxtilə türkdilli dövlətlər arasında əlaqələr təkcə mədəni-iqtisadi çərçivədə məhdudlaşırdısa, hazırkı münasibətlər artıq strateji partnyorluğa çevrilib. Bu isə çox ciddi siyasi məsələləri özündə ehtiva edir.

Zirvə görüşündə dövlət başçımızın əsas toxunduğu məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı idi. Azərbaycan Prezidenti haqlı olaraq xatırlatdı ki, o, bu məsələnin nə qədər aktual olduğunu hələ 2009-cu ildə keçirilən I Zirvə görüşündə söyləmişdi: "Mən o zaman bildirdim ki, Zəngəzurun vaxtilə Ermənistana verilməsi təkcə Azərbaycana yox, bütün türkdilli dövlətlərin kürəyinə sancılan bir xəncər idi”.

Müharibədən sonra artıq Zəngəzur məsələsi gündəmə gəlib. Söhbət bu dəhlizin Naxçıvana açılmasından gedir. Bu məsələ Azərbaycan, Türkiyə, Rusiya, Ermənistanla yanaşı, türkdilli dövlətlər üçün də az əhəmiyyət daşımır. 

Türkdilli dövlətlərin yaxınlaşmasında dil, din və soykök öz rolunu oynayır. Təəssüf ki, 70 illik sovet imperiyası "parçala və hökmranlıq et!” şüarı ilə bu xalqları da bir-birindən uzaqlaşdırmağa nail olmuşdu. Yalançı beynəlmiləlçilik ideologiyası isə altdan-altdan öz işini görürdü.
Sevindirici haldır ki, türkdilli dövlətlərin belə görüşünə gələcəyin proqramı kimi də baxmaq olar. Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqlı olaraq vurğuladı ki, bu təşkilatı beynəlxalq statusa malik bir gücə çevirməliyik.

Yeri gəlmişkən, qardaş ölkənin lideri daha bir mesajını verdi: "Ramazan bayramından sonra əziz qardaşım İlham Əliyevlə Şuşanı ziyarətə gedəcəyik”.

Əlbəttə, söhbət təkcə ziyarətdən yox, türk birliyinin nümayişindən gedir. Axı, indi türkdilli dövlətlər üçün yeni siyasi panorama yaranıb, kifayət qədər perspektivlər açılıb. Qalır daha da yaxınlaşmaq, daha da güclənmək. Ölkə prezidenti İlham Əliyev başda olmaqla, artıq Azərbaycan örnək göstərdi. Yəqin ki, bu örnək digər türkdilli dövlətlər üçün də təsirsiz ötüşməyəcək.

Xatırladaq ki, növbəti sammit gələn il Türkiyədə keçiriləcək və Azərbaycan sədrliyi qardaş ölkəyə ötürəcək. Doğrudan da türkdilli dövlətlərin yaxınlaşması zamanın tələbidir. Bu bir həqiqətdir. Sonuncu zirvə görüşü bu həqiqəti bir daha təsdiqlədi.