23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qazinin evə ehtiyacı var

05.04.2021

Hər kəs onu Vətən müharibəsinin ən qızğın çağlarında Mehmet Akif Ərsoyun "İstiqlal marşı”ndan səsləndirdiyi misralara görə tanımışdı. Odun-alovun içində, məğrurcasına deyilmiş o misralar çoxumuzun yanan ürəyinə su səpmişdi. Osmanlı əsgəri görünüşlü gəncin məşhur çıxışı internetdə yayılandan sonra az qala, zəfər himninə çevrilmişdi. Söhbət sözügedən marşı səsləndirən Vətən müharibəsi qazisi Hüseynov Murad İlqar oğlundan gedir.

"Qafqazinfo” qazinin evində olub, onun döyüş xatirələrini dinləyib. Məlum olub ki, 30 yaşlı Murad Hüseynov ailəsinin ilk övladıdır, özündən başqa kiçik qardaşı Nicat da var. Sən demə, qardaşlar döyüşlərdə çiyin-çiyinə döyüşüblər. Aprel döyüşlərinin də iştirakçısı olan Hüseynovlar Vətən müharibəsinə ilk günlərdən qoşulublar. Ayrı cəbhələrdə olsalar da, hər ikisi bir amal-Vətənin azadlığı uğrunda şərəflə vuruşub:

"Bir evdən iki qardaş müharibəyə getmişik, üç qardaş olsaydıq, yenə üçümüz də orduya qoşulardıq. Bizim torpağımızdırsa, onu qorumalıyıq. Orduda bütün millətlərin nümayəndəsi var idi, hamısı torpağımızın geri qaytarılması üçün əlindən gələni etməyə hazır idi. Hər kəsin beynində 30 ilin niskili vardı, Vətən üçün hər şeyə hazır idik. Bizim əsgərlərimiz çox mərddirlər, günlər olub ki, ac-susuz qalıblar, amma silahsız qalmayıblar. Şəhid olanda da əllərində silah olub”.

Muradın döyüş yolu Talış, Suqovuşan istiqamətindən başlayıb, Kəlbəcərə qədər gedib çıxıb.

Muradla söhbət onu türk dünyasında məşhur edən "İstiqlal marşı”na gəlib çıxır. O, söylədiyi misraların tarixçəsini belə nəql edir:

"Türkiyə kanalı gəlib çəkəndə mən də bığlı olduğuma, Osmanlı əsgərlərinə oxşadığıma görə ön tərəfdə durdum. Ürəyimdən keçdi ki, danışım və o şeiri dedim. O şeirdən sonra əsgərlərimizdə böyük ruh yüksəkliyi yaranmışdı”.

Ön cəbhədə Xüsusi Təyinatlı Qüvvələrlə birgə döyüşən ikinci qardaş - 25 yaşlı Nicat isə hələ də müharibədəki ab-havadan çıxa bilmir. O, tez-tez silahdaşlarını xatırlayır, şəhid olan döyüş yoldaşlarının yoxluğu ilə barışa bilmir.

İndi ailənin bir problem var, evsizlik. İlqar deyir ki, vaxtilə cəbhədə döyüşən iki qardaş indi fiziki durumları ilə əlaqədar işləyə bilmirlər:

"Bir parça çörəyimiz olanda onu suya da batırıb yeyərik, amma ev problemimiz var. 22 ildir kirayədə qalırıq. Nə rayonda, nə də burada evimiz yoxdur. Əvvəllər özüm də, uşaqlar da işləyirdik, kirayə pulunu verə bilirdik. Oğlanlarım inşaatda fəhlə işləyirdilər, indi heç birimiz işləmirik. Mənim işlədiyim yerlərdə də virusla bağlı işçi sayını azaldıblar. Hər ayın 4-ü kirayə pulunu veririk, ev pulunu ödəməliyik, çətinlik çəkirik. Xahiş edirik, bizə köməklik olunsun”.