03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rus generalın Qarabağa səfəri

01.04.2021

 "Son vaxtlar Rusiya və Ermənistan hərbi rəhbərlərinin Qarabağda görüşləri intensivləşib. Ən son Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Qarabağa səfər etdi. İki gündür, bu səfəri izləyirik. Səfərdə məqsəd Rusiya sülhməramlıları üçün nəzərdə tutulan 150, 250 nəfərlik 25-ci modul şəhərciyinin açılışında iştirak etməkdir. Amma bu, sadəcə rəsmi görüntüdür. Rusların burda sülhməramlı pərdəsi altında lövbər salması imperialist xəyallarını gerçəkləşdirmək niyyətindən başqa bir şey deyil”.

DM xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

Partiya Başqanı qeyd edib ki, xalqımız çox həyəcanlıdır: "Çünki 1960 nəfərlik kontingent üçün beş mindən çox yerlik şəhərciyin salınması, torpaqlarının işğaldan azad olunmasına üç min şəhid verən xalqımızı narahat etməyə bilməz.

Digər tərəfdən, rus general Qarabağa Ermənistandan keçibsə, bu, ərazi bütövlüyümüzə hörmətsizlik sayıldığından, ilk sərt reaksiyanı ani olaraq Məmmədyarov dönəminin  susqunluğundan hələ də ayıla bilməyən Xarici İşlər Nazirliyi verməli idi. Onların "nümunəsi" Müdafiə Nazirliyini də susma mövqeyində saxladı.

Bu, yolverilməzdir. Onsuz da rus sülhməramlılarının xoşməramlı olmayan fəaliyyəti Azərbaycan dövlətinin də haqlı narazılıqları ilə müşayiət olunur. Bəs o zaman geniş ictimaiyyətə niyə açıqlama verilmir? 

Düzdür deyə bilərlər ki, Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun Qarabağa gəlməsi qeyri-adi hadisə deyil. Bölgədə Rusiya sülhməramlıları var, müharibə bitsə də, burada gərgin hadisələr baş verir və verə bilər. Bu baxımdan rus generalın gəlişi, rus hərbi kontingentinə baş çəkməsi adi haldır”.

Anar Əsədli bildirib ki, amma məsələ rus generalın oraya hansı marşrutla gəlməsidir: "Bulqakov Azərbaycan ərazisindən keçərək Qarabağa gəlibsə, o zaman narahatlığa ciddi əsas yoxdur. Çünki bizim əsas tələbimiz, Azərbaycanın əsas gözləntisi Qarabağa, Xankəndiyə gediş-gəlişin bizim ərazimiz vasitəsilə olmasıdır. Ermənistandan oraya gedilməsi ciddi problemdir və biz də haqlı olaraq, bu narazılığımızı dərhal Rusiya sülhməramlılarının rəhbərliyinə çatdırırıq. 

Lakin buna rəğmən, Ermənistandan Xankəndiyə səfərlərin dayanmaması bizim narahatlıqlarımızı artırır. Əgər bu general da Ermənistandan keçibsə, o zaman bu, Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar hörmətsizliyin göstəricisi sayıla bilər.  Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr Bəyannaməsində rus sülhməramlıların sayı 1960 nəfər göstərilib. Amma  açıqlanan rəqəmlər 1960-dan ikiqatından çox alınır. Əsas narahatlıq doğuran bu faktdır.

Bir məqamı da xatırladım ki, bəyanatdan kənar amillər Azərbaycan və Türkiyə ilə razılaşdırılmalıdır. Niyə say bu qədər artıqdır? Bu özbaşınalıq Azərbaycanla, Türkiyə ilə razılaşdırılıbmı?

Bu amillərə rəsmi qurumlarımız tərəfindən aydınlıq gətirilməlidir ki, narahatlıqlara son qoyulsun. Digər tərəfdən, Laçın dəhlizi vasitəsilə Ermənistandan Xankəndiyə hərbçilərin və silahların daşınması, Xankəndidəki separatçıların yürüş keçirməsi, rus dilinin separatçı qurum tərəfindən "dövlət dili” elan edilməsi və s. amillər gərginliyi artırmağa xidmət edir. Bütün bunlardan sonra bir də Bulqakovun gəlişi, 25-ci modul şəhərciyin açılışı xoş niyyətin göstəricisi sayıla bilməz. 
Zənnimcə, Rusiya və Ermənistan güman edirsə ki, bu üsullarla Xankəndidəki separatçılığı dəstəkləyib, ərazimizin bir hissəsini bizdən almağı bacaracaq, onlar yanlış yoldadırlar. 30 illik ayrılıq bizləri torpaqlarımızdan ayıra bilmədi, biz oraları şəhidlərimizin qanı ilə azad etdik. İndi rusların pərdə arxası fəaliyyət göstərdiyi ərazilər də belə olacaq.

Putin rejiminə Qərbin basqıları fonunda generalın Qarabağımıza səfəri sırf psixoloji təzyiq, kütləyə oynamaq xarakteri də daşıya bilər. Amma əsas məsələ odur ki, rəsmilər susmamalı, xalqı məlumatlandırmalıdırlar. Azərbaycan xalqı hər zaman belə təxribatçı addımlara qarşı reaksiya verib və yenə də öz qüdrətli ordusuna güvənərək verəcək”.