Turan İttifaqı yaranır
01.04.2021
Martın 31-də Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirildi. Türkdilli dövlət başçılarının sammiti ilə eyni gündə Xankəndinə Rusiya Müdafiə nazirinin müavininin səfəri də baş tutdu. Rusiyanı qıcıqlandıran bu videokonfransa cavab olaraq Yuxarı Qarabağda rus hərbçiləri öz gələcək planlarından danışdılar. Ancaq Rusiya nə qədər qıcıqlansa da, bu reallıq dəyişmir. Dünən türk dövlətləri vacib siyasi qərar qəbul etdilər.
Belə ki, Türk Şurasının 2019-cu ildə Bakıda keçirilmiş VII Zirvə Görüşündə Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. İndi isə Avropa İttifaqına alternativ olaraq yeni bir İttifaq yaradılır. Düzdür, hələlik ittifaqın gücü, potensialı istənilən səviyyədə deyil, lakin görünən budur ki, türkün gücünü göstərmək zamanı gəlib. Beləcə, dünənki görüşdə sözügedən təklif qəbul edildi.
Bundan başqa, türk dünyasının ortaq internet televiziyası yaradılmaq üzrədir. Kanal "Mediatürk" adlanacaq və bu kanalda cəmiyyət həyatının bütün sahələri əhatə olunacaq.
Bu barədə Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşünün keçirilməsi onlar arasında olan münasibətlərin inkişafına çox böyük töhfə verəcək:
"Epidemioloji vəziyyətin gərginləşməsinə görə əyani şəkildə, Türk Dünyasının mənəvi paytaxtı Türküstan şəhərində keçirilməli olan toplantı onlayn formatda təşkil edildi. Toplantıya üzv olan türk dövlətləri ilə yanaşı, üzvlüyü olmayan Türkmənistanın, müşahidəçi statusunda olan Macarıstanın ali siyasi rəhbərliyinin iştirakı bu təşkilatın, bu birliyin gələcəyi ilə bağlı çox böyük ümidlər yaradır. Birmənalı şəkildə demək olar ki, bu görüş türk dövlətlərinin son illər ərzində birliyini göstərən ən yüksək rəsmi görüşlərdən biridir.
Türk dövlətlərinin bütün məqamlarda, platformalarda bir-birinə dəstək verməsinin şahidi oluruq. Əlbəttə, mövcud durum bizi tam qane etmir. Ancaq qarşılıqlı dəstək və görülən işlər də ortadadır. Bütün bunlar, əlbəttə ki, həm də Türk Şurasının fəaliyyətinin nəticəsidir. Həm də bu dövlətlərin vətəndaşlarının böyük əksəriyyətinin tarixi, mədəni, soykök, mənəvi və s. istiqamətdəki birliyi də ortaq çalışmalarımızı və inteqrasiyamızı sürətləndirir. Bu proseslərdə Azərbaycanın rolunu xüsusi qeyd etmək istəyirəm".
Politoloq ittifaqın perspektivindən də danışıb: "Azərbaycan dövləti, onun başçısı hər zaman Türk Şurasının fəaliyyətinə çox ciddi töhfə verib. Hazırda ölkəmiz quruma sədrlik edir və görülən işlər göz qarşısındadır. II Qarabağ müharibəsinnin ölkəmizin xeyrinə bitməsi, bölgədə kommunikasiya xətlərinin açılması istiqamətində görülən işlər Türk Dünyasının birliyinə, Türk Şurasının daha da güclənməsinə təsir edəcək. Hesab edirəm ki, Türk İnvestisiya Fondunun yaradılması, ortaq türk bankının, vahid pul məsələsinin də reallaşdırılması, müxtəlif ictimai-mədəni inteqrasiya qurumlarının formalaşdırılması birliyimizi gücləndirəcək amil ola bilər. Gələcək planda isə türk dövlətlərinin hərbi birliyinin yaradılması bu qurumun, türk xalqlarının beynəlxalq sülhə və sabitliyə ən böyük töhfəsi olar”, - deyə ekspert qeyd edib.
Beləliklə, bir zamanlar yaranması qeyri real, xəyal kimi görünən böyük Turan İttifaqı artıq yaranmaqdadır və buna dəyişən geosiyasi vəziyyət şərait yaradıb. Turana gedən yolun qapıları Qarabağın işğaldan azad edilməsi ilə açıldı.