Müdafiə naziri komandirlərə GÖSTƏRİŞ VERDİ
29.03.2021
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
DM xəbər verir ki, nazir bu barədə martın 29-da keçirdiyi xidməti müşavirədə danışıb.
Z.Həsənov azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi, mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verib.
Qeyd edək ki, martın 29-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.