İtirilmiş milyonları tapaq...
28.07.2018
İyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd edilir. Dünya Səhiyyə Təşkilatının (DST) qərarı ilə 2010-cu ildən etibarən həmin gün Ümumdünya Hepatit Günü elan edilib. Bu günün məhz iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətə görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin anadan olduğu tarixlə bağlıdır.
Bu gün bütün dünyada hepatit viruslarına qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
Hepatit son vaxtlar sürətlə artan xəstəliklər qrupuna aid edilir. Onun A, B, C, D, F və digər növləri var. Hepatit B və C qan vasitəsilə yoluxur və onların müalicəsi daha çətindir. Dünya üzrə 200 milyondan çox xəstənin hepatit C ilə yoluxduğu aşkar edilib. ABŞ-da hər il həyata keçirilən 500 qara ciyər köçürülməsi əməliyyatının təxminən 30-35 faizə qədəri xroniki hepatit C xəstələrinin payına düşür. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental - cinsi yolla yoluxma, transplasentar – anadan körpəyə yoluxma yolu ilə keçə bilər.
Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən iştahasızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir.
Bu xəstəliyin aşkarlanması üçün laborator və instumental müayinələr aparılmalıdır. Qanın ümumi analizi nəticəsində EÇS-in artması, sümük iliyinin hipo və aplaziyası zamanı pansitopeniya aşkarlanır. Sidiyin ümumi analizi zamanı əsaslı dəyişiklik olmasa da, bilirubin və qlomerulonefrit inkişaf edəndə proteinuriya ola bilər.
Hepatit C xəstəliyi sanki "səssiz qatili” xatırladır. Uzun müddət orqanizmdə qalır, sonradan ciddi fəsadlar törədir. Həmin virus 1989-cu ildə Hepatit B-dən sonra aşkar edilib. Əvvəlcə aktiv başlayan xəstəlik əksər hallarda səssiz və lal gedişi ilə müşahidə edilir. Aktiv hepatit C keçirən xəstələrin 15-20 faizi tamamilə normal vəziyyətə qayıtsa da, xəstələrin çoxunda hepatit C virusu qandan təmizlənmir, sonralar xroniki hala çevrilir. Lakin heç də bütün hallarda xəstələrin qorxduğu şəkildə seroza keçmir. Ancaq onların təxminən 20 faizində qara ciyər serozu və ilk infeksiyadan 30-40 il sonra, hətta 40 yaşdan yuxarı xəstələrdə hepatit C mənşəli xərçəngə çevrilir.
Hepatitlərin müayinəsi zamanı qanda hepatit C və C antitellərinin, həmçinin virus titrinin təyini sınaqları daha informativdir. Müayinənin nəticələrindən təşvişə düşməmək və vaxt itirmədən müalicəyə başlamaq lazımdır.
Xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır. Stomatoloq müayinəsində də həkimin hər xəstə üçün steril alət dəstindən istifadə etməsi məsləhətdir.
DST Ümumdünya Hepatit Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün hepatitin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış davamlı inkişaf məqsədlərinə uyğun olaraq hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.
Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir. 2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb. Bu müddət ərzində 8936 müraciət qeydə alınıb. Müraciət edənlərdən 57 faizi kişi, 43 faizi qadın olub.
DST bu il Ümumdünya Hepatitlə Mübarizə Gününü "İtirilmiş milyonları tapaq!” devizi altında qeyd edir.