21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA

29.03.2021

 Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb.

DM xəbər verir ki, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi və R.Pirnəzərov adına 299 saylı məktəb liseyi bu gündən distant təhsilə keçib. Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma halları artıb. Bu, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bildirilir ki, ölkədə sərt karantin rejimi tətbiq olunacaq və məktəblər bağlanacaq.

Mütəxəssislər də düşünürlər ki, əgər vəziyyət nəzarətdən çıxarsa və yoluxma sayı artarsa, o zaman sərt karantin tətbiq edilə bilər. Məktəblərin də bağlanması qaçılmazdır.

Professor Adil Qeybulla BAKU.WS-ə açıqlamasında bildirib ki, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır.

"Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, ambulator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, nə qədər ki vəziyyət pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin”, - deyə Adil Qeybulla bildirib.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun BAKU.WS-ə verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.

"Təhsil Nazirliyi informasiyaya açıq qurumdur. Əgər hansısa hadisə barədə qərar verilərsə, təbii ki, bu barədə açıqlama veriləcək. Ən azından bu barədə məlumat veriləcək”, - deyə Cəsarət Valehov bildirib.

Məktəblərdə vəziyyətə nəzarət etmək üçün hansı tədbirlər görülməlidir?

Mövzuya aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. Mütəxəssis BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda bütün məktəblərin bağlanması lüzumsuz addım olardı.

"İlk növbədə qeyd edim ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam.

Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır.

Yəni hansı məktəbdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır”, - deyə Kamran Əsədov bildirib.

Ekspert həmçinin qeyd edib ki, ümumilikdə ölkə üzrə distant təhsilə keçmək effektiv deyil:

"Çünki bütün şagirdlərin elektron resurları yoxdur və bütün fənlərin onlayn qaydada tədrisi mümkün deyil.

Bundan başqa onlayn dərslər şagirdlərdə fiziki, psixoloji problemlər yaradır.

Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq.

Bundan başqa onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir.

Mənim proqnozuma görə, yoluxma artarsa, bundan sonra 30-dan çox məktəbin bağlanma ehtimalı var”.