İstanbul Prosesi Hindistan və Pakistanı bir araya gətirə biləcəkmi?
24.03.2021
Martın 30-da Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Asiyanın Qəlbi Konfransı - İstanbul Prosesi iclasında 15 iştirakçı və 17 dəstəkçi ölkə, 12 regional və beynəlxalq təşkilatın rüksək rütbəli nümayəndələri iştirak edəcək.
DM xarici KİV-ə istinadən xəbər verir ki, 2011-ci ildə Əfqanıstan və Türkiyənin birlikdə başlatdığı İstanbul Prosesinin hədəfi regional ölkələrin əməkdaşlığına nail olmaqdır. Builki konfrans Əfqanıstandakı münaqişəyə son qoymaq üçün diplomatik təşəbbüslərin başladığı bir vaxta təsadüf edir. Bu fakt toplantının əhəmiyyətini daha da artırıb.
Bundan əlavə, tədbir çərçivəsində Hindistan və Pakistan Xarici İşlər nazirlərinin də bir araya gələcəyi gözlənilir. Beynəlxalq ekspertlərə görə, bu, iki ölkənin fevral ayında Nəzarət Xətti (Line of Control - LoC) boyunca atəşkəs barədə razılığa gəldiklərini elan etdikdən sonra Hindistan və Pakistan rəsmilərinin ilk görüşü olacaq.
Görüşün baş tutub-tutmayacağı barədə hələ ki, açıqlama verilmir. Ancaq Pakistanın "Dawn” qəzeti diplomatik mənbələrə istinadən yazıb ki, ətrafda baş verən hadisələri nəzərə alaraq, bunun mümkünsüz olduğunu söyləmək olmaz.