21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yeni seçki gözlənilir

24.03.2021

 Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı ərəfəsində yeni parlament seçkilərinin keçiriləcəyi barədə məlumatlar yayılmışdı.

DM xəbər verir ki, elə YAP-ın qurultayı da bununla əlaqələndirilirdi.

Azərbaycanda son parlament seçkiləri ötən il fevralın 9-da baş tutub. Növbədənkənar keçirilən bu seçkilər hakimiyyət nümayəndələri tərəfindən islahatlar kampaniyasının tərkib hissəsi kimi dəyərləndirilir. İnsafən, Milli Məclisin köhnə tərkibinin özünü buraxması ictimaiyyət tərəfindən müsbət qarşılanmışdı. Seçkiyə inam artdı və nəhayət, Azərbaycanda normal parlamentin formalaşacağına ümid yarandı. Lakin 9 fevral seçkilərinin nəticələri birmənalı qarşılanmadı. Hakimiyyətin opponentləri, eyni zamanda, müstəqil ictimai-siyasi fəallar 9 fevral seçkilərinin ənənəvi qaydada keçirildiyini və hazırkı tərkibin heç də əvvəlkindən fərqlənmədiyini bildirir.
Yeni parlamentin birillik fəaliyyəti onların mövqelərini daha da gücləndirib. Bəzi deputatların ehtiyatsız fikirləri, gülüş doğuran açıqlamaları və s. bu kimi ictimai müzakirələrə səbəb olan xətaları hakimiyyətin 9 fevral seçkiləri ilə hədəfə çatmadığını göstərir. Deyəsən, iqtidarın zirvəsində də bunun fərqinə varıblar. Əks təqdirdə, son vaxtlar yeni parlament seçkilərinin keçiriləcəyi barədə məlumatlar dövriyyəyə buraxılmazdı.

YAP-ın son qurultayı ilə hakim partiyada yeni dəngələrin formalaşdırılması, ölkədə fəaliyyət göstərən digər siyasi partiyalarla təmasların artırılması, yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun davamlı addımların atılması payızda parlament seçkilərinin keçirilməsinə hesablana bilər.

Bu arada qeyd edək ki, nəticələri ləğv olunmuş dairələrdə hələ təkrar seçkilər keçirilməyib. Baxmayaraq ki, növbədənkənar parlament seçkilərinin keçirilməsindən bir il ötüb. Bu, kifayət qədər uzun müddətdir.

Doğrudur, qanunvercilikdə təkrar seçkilərin keçirilməsi ilə bağlı konkret müddət göstərilməyib. Amma nəzərə alsaq ki, deputatlar beş il müddətinə seçilir və bunun artıq bir ili arxada qalıb. Təkrar seçkilərin keçirilməsi bir qədər də uzansa, artıq onun əhəmiyyəti qalmayacaq.

Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması hər dəfə təxirə salınır. Növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin yaz sessiyasında MSK-nin yeni tərkibinin formalaşdırılacağı barədə məlumat yayılmışdı. Lakin təsdiqini tapmadı. Ehtimal olunurdu ki, Milli Məclisin 2020-ci ilin payız sessiyasında bu məsələyə baxıla bilər. Bu ehtimallar da özünü doğrultmadı. Düzdür, bu, İkinci Qarabağ savaşı ilə də əlaqələndirilə bilər. Ancaq bəzi mülahizələrə görə, MSK-nın mövcud tərkibinin saxlanılması planlaşdırılan yeni seçkilərlər bağlıdır.

Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikasında artıq 2020-ci ili dekabrında, yəni müharibədən sonra MSK-nın yeni tərkibi formalaşdırılıb. Bu fakt yeni parlament seçkiləri ilə bağlı iddiaları bir qədər şübhə altına alır. Lakin o da faktdır ki, Naxçıvan MR bəzi hallarda mərkəzi hakimiyyətdən fərqli addımlar atır.